Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq Həsənəli Eyvazlının "Araz sahilində doğan Günəş" ikihissəli tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa teatrsevərlərə təqdim edilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə yenidən səhnələşdirilən tamaşada XX əsrin əvvəllərində Vətənimizdə baş verən siyasi hadisələr uğurla əks etdirilib.
Tamaşada əsas qəhrəmanlar – Nəriman Nərimanov (Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev), Mustafa Kamal Atatürk (Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Səməd Canbaxşıyev), Behbud ağa Şahtaxtinski (Azərbaycan Respublikasının Xalq Artisti Rza Xudiyev), İbrahim Əbilov (Azərbaycan Respublikasının Əməkdar Artisti Bəhruz Haqverdiyev) kimi şəxsiyyətlərin qədim diyarın muxtariyyət statusunun müəyyənləşməsi uğrunda apardığı mübarizə ön plana çıxarılıb.
Tamaşada ermənilərin Naxçıvan torpaqlarına iddialarına havadarlıq edən Stalin (Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoy) və Çiçerin (Azərbaycan Respublikasının Əməkdar Artisti Əbülfəz İmanov) kimi siyasətçilərin də niyyətləri tarixi faktlarla təqdim edilib.
"Araz sahilində doğan Günəş" tamaşasında əsrin əvvəllərində, o çətin illərdə Türkiyənin Azərbaycana dostluq, qardaşlıq köməyi, Naxçıvanın muxtariyyəti məsələsində heç bir güzəştə getməməsi məsələsi də öz əksini tapıb.
Son səhnədə ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasındakı qətiyyətli çıxışı bir daha tamaşaçılara xatırladılır: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Muxtariyyət hüququna malik olan dədə-baba torpaqlarımız bizim tərəfimizdən gələcək nəsillərə ərməğanımızdır. Yaşasın Azərbaycan! Yaşasın Naxçıvan Muxtar Respublikası!..".
Tamaşanın əsas qayəsi Naxçıvanın muxtariyyətinin çətin və mürəkkəb bir şəraitdə qazanıldığını göstərməklə qədim diyarın muxtariyyət uğrunda mübarizəsini bugünkü nəsillərə vətəndaşlıq mövqeyindən aşılamaqdır.
Qeyd edək ki, bu əsər ilk dəfə 2008-ci ildə tamaşaçılara təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB