Qəbələnin “Əfsanələr paytaxtı” elan edilməsi ilə bağlı təqdimat mərasimi olub

Qəbələnin “Əfsanələr paytaxtı” elan edilməsi ilə bağlı təqdimat mərasimi olub

Qəbələnin 2014-cü il üçün Azərbaycanın "Əfsanələr paytaxtı" elan edilməsi ilə əlaqədar təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, Qəbələ rayonunda qeyri-maddi mədəni irsin qorunması, bərpası, hərtərəfli inkişafı və təbliği sahəsində görülən işlərə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2010-2014-cü illər üçün "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində bu il martın 4-də Qəbələni 2014-cü il üzrə Azərbaycanın "Əfsanələr paytaxtı" elan edib. Qəbələnin "Əfsanələr paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova bu şəhərin 2013-cü ildə MDB ölkələrinin mədəniyyət paytaxtı olduğunu qeyd edərək bu istiqamətdə rayonda müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində mədəniyyət və turizm işi sahəsində çox böyük islahatların həyata keçirildiyini, görülən işlərin nəticəsində Azərbaycanın hər yerində olduğu kimi, Qəbələdə də bu sahədə yüksək nailiyyətlər əldə olunduğunu bildirib. Artıq beşinci ildir ki, rayonda yüksək səviyyəli beynəlxalq musiqi festivallarının təşkil olunduğunu deyən natiq ötən il dünyada ilk dəfə olaraq məhz Qəbələdə mürəbbə festivalının keçirildiyini və müxtəlif ölkələrdən gələn qonaqların bu tədbirə xüsusi maraq göstərdiklərini vurğulayıb.

Çıxışlarda bildirilib ki, "Əfsanələr paytaxtı" elan olunan Qəbələdə bu il bir sıra layihələrin icra olunması nəzərdə tutulur. İl ərzində müxtəlif folklor qruplarının çıxışları, muzeylər gecəsi, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi, kitab bayramı və turizm tədbirləri təşkili ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə