Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunub

Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunub

Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev və Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə görkəmli aktyor Ağahüseyn Cavadovun həyat və yaradıcılığından, Azərbaycan kino və teatr tarixindəki xidmətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, A.Cavadov 1894-cü ildə Bakıda anadan olub. 1919-cu ildə sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq işinə məsuliyyətlə yanaşıb. Sənətə, aktyor peşəsinə olan məhəbbəti A.Cavadovun kino fəaliyyətində öz əksini tapıb. O, "Bəxtiyar", "Görüş", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Əhməd haradadır", "Sehrli xalat", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" və digər Azərbaycan filmlərində yaddaqalan obrazlar yaradıb.

Qeyd olunub ki, istedadlı sənətkar mahir komediya ustası idi. Böyük aktyor satirik obrazların ifasında qroteskdən həssaslıqla bəhrələnirdi. 1955-ci ildə çəkilmiş "Bəxtiyar" və "Görüş" kinokomediyalarında yaratdığı obrazlar buna ən yaxşı nümunədir.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə