“Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” FOTOLAR

“Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” FOTOLAR

Azərbaycan Dillər Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin jurnalistika sahəsindəki fəaliyyətinə həsr olunmuş "Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 21 yanvar 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımovanın təşkilatçılığı ilə keçirilən tədbirdə "Şərq qəzeti"nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ADU kitabxanasının Qiraət zalının müdiri Gülzar Əfəndiyeva və fakültənin Jurnalistika ixtisasının I və II kurs tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan Respublikası Prezidentinin Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi haqda sərəncamının Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin irsinin araşdırılması yolunda mühüm addım olduğunu bildirib. Prorektor Ə.Əliyev dedi ki, onun jurnalist fəaliyyətinin öyrənilməsi bugünkü gündə çox vacib və aktual məsələdir.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova çıxışında Əlibəy Hüseynzadənin həm böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu söyləyib. Uzun müddət onun alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi və müəllim kimi fəaliyyəti olduğunu xatırladıb. Zeynab Kazımova onun jurnalist kimi fəaliyyətinin həm ictimai və publisistik, həm də jurnalistik irsinin jurnalistika ixtisasında təhsil alan tələbələr tərəfindən öyrənməsinin vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı müvafiq sərəncamının bu mənada çox böyük əhəmiyyətə malik olduğunu, Əlibəy Hüseynzadənin ideyalarının təbliğində böyük rol oynayacağına əmin olduğunu dilə gətirib.

"Şərq qəzeti"nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmacı Akif Aşırlı Əli bəy Hüseynzadənin keçdiyi həyat yolu, onun ictimai-siyasi, o cümlədən jurnalistik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. "Şərq qəzeti"nin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında Əli bəy Hüseynzadənin xidmətlərindən söz açıb. O, öz mühazirəsində onun İstanbulda, Bakıda, Tiflisdə, Gəncədəki fəaliyyətinə toxundu. Azərbaycanda yeni jurnalist nəslinin formalaşmasında Əli bəy Hüseynzadənin böyük rolu olduğunu tələbələrin diqqətinə çatdıran A. Aşırlı məhz M.Ə.Sabir və Ö.F.Nemanzadə kimi şair və publisistlərin jurnalistikaya gəlməsində Ə.Hüseynzadənin xidmətlərini önə çəkərək türkçü, turançı və maarifçi Ə.Hüseynzadənin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda güclü jurnalistlər yetişdirdiyini vurğulayıb. O, Əli bəy Hüseynzadənin eyni zamanda rəssam kimi də fəaliyyət göstərdiyini, bir sıra portret və mənzərələrin müəllifi olduğunu sözlərinə əlavə etdi. "Şərq qəzeti"nin baş redaktoru Akif Aşırlı Əli bəy Hüseynzadənin Hacı Zeynalabdin Tağıyevin dəstəyi və maliyyəsi ilə "Həyat" qəzetini nəşr etdirdiyi və həmin dövrdə bu qəzet vasitəsilə ermənilərə layiqli cavablar verildiyi haqqında danışıb. O, bu qəzetin 235 sayında Əli bəy Hüseynzadənin 225 məqaləsinin çap olunduğunu və burada milli ideologiyanı təbliğ etdiyini, ermənilərin yalanlarına qarşı tutarlı yazıların yer aldığını söyləyib. Bunun isə, erməniləri narahat etdiyini və onların qəzetin fəasliyyətini dayandırılması ilə bağlı müxtəlif dairələrə müraciət etdiklərini də vurğulayıb.

Çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Əli bəy Hüseynzadənin fəlsəfəsinin dərk edilməsinin vacibliyini vurğulayıb. Bu işin Əli bəy Hüseynzadənin tədqiqatçılarının üzərinə düşdüyünü bildirib.

Qeyd edək ki, daha sonra seminar müzakirə və sual-cavabla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə