Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" (deyiliş qaydası: Siti Saytsiinq Vörldvayd) Şirkəti arasında bağlanmış razılaşmaya əsasən "City Sightseeing Baku" Şirkəti yaradılmış və Bakı Expo Mərkəzində onun əsas təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, "City Sightseeing Worldwide" Şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyaları təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb. Fəaliyyətini cəmi 4 turla başlayan "City Sightseeing" Şirkəti hal-hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsi ilə ekskursiyalar təşkil edir. 2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidmətini göstərib. Bakı şəhərində təşkil edilən şəhər turları qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 21 km və 1 saat 30 dəqiqə təşkil edir. Yay sezonunda avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq. "Gülərüz Kobra" MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar. Biletlərin qiyməti ümumi olaraq 20 manat, tələbələr müvafiq tələbə biletini təqdim etdikdə, onlar üçün 10 manat, 6-16 yaş arası uşaqlar, təqaüdçülər və veteranlar üçün 5 manat təşkil edəcək. 6 yaşa qədər uşaqlar, əlil insanlar, jurnalistlər və otel işçiləri üçün isə giriş ümümiyyətlə PULSUZ olacaqdır. Şəhər turu üçün əldə edilmiş bilet 24 saat ərzində (yəni 2 gün) etibarlıdır və bu biletlərdən "hop on - hop off" (deyiliş qaydası: hop on - hop of) sistemi ilə istifadə etmək olar. Bu o deməkdir ki, hər bir şəxs istənilən dayanacaqda düşə bilər və istənilən dayanacaqda yenidən bu və ya növbəti avtobusla ekskursiyanı davam edə bilər. Hal-hazırda yollarda yaranan tıxaclar səbəbindən avtobusların qrafik üzrə hərəkətinin düzgün təşkili, habelə avtobuslarda quraşdırılmış audiosistemin təkmilləşdirilməsi məqsədilə Almaniyadan mütəxəssislər dəvət edilmiş və bu istiqamətdə müvafiq testlər aparılır. Bu səbəbdən hal-hazırda turlarda iştirak etmək istəyənlər üçün endirim kampaniyası keçirilir. "City Sightseeing Baku" Şirkəti daha bir ilkə də imza atmağa hazırlaşır. Belə ki, yaxın günlərdə avtobuslarda quraşdırılacaq avadanlıq vasitəsilə pulsuz olaraq İnternetdən istifadə etmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB