MTN: "İstirahət mərkəzləri məcburi sığortalanacaq"

MTN: "İstirahət mərkəzləri məcburi sığortalanacaq"

Azərbaycanın istirahət və əyləncə mərkəzləri burada baş verən bədbəxt hadisələrə görə, müştərilər qarşısındakı məsuliyyətlərini məcburən sığortalamalı olacaqlar. Bu yenilik turizmlə bağlı yeni qanun layihəsində nəzərdə tutulub. Bu barədə SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bildirib.

Nazirlikdən verilən məlumata görə, "Turizm haqqında" yeni qanunda istirahət mərkəzlərinin məsuliyətinin sığortası ilə bağlı bir neçə variant nəzərdən keçirilir. Bunlardan biri, mülki məsuliyyətin icbari sığortalanmasıdır. Digər variant, mülki məsuliyyətin könüllü sığortalanmasıdır - amma könüllü olmasına baxmayaraq əslində bu sığorta da məcburi xarakter daşıyacaq. Çünki belə sığortası olmayana istirahət mərkəzi və ya hotel kimi fəaliyyət göstərmək üçün lisenziya verilməyəcək.

Nəhayət, 3-cü varianta görə, hotel və ya istirahət mərkəzi burada baş verən bədbəxt hadisəyə görə, zərərçəkənə kompensasiya ödəyəcəyi barədə bank zəmanəti təqdim etməli olacaq. Başqa sözlə, hər 3 halda turizm obyektindən öz məsuliyyətini məcburi sığortalamaq tələb olunacaq.

"Qanunda bu variantlardan biri və ya hər üçü nəzərdə tutula bilər ki, turizm obyektləri özlərinə daha uyğun variantı seçsinlər, amma bu variantlardan biri hökmən tətbiq ediləcək" - deyə nazirliyin hüquq şöbəsindən bildirilib.

Qeyd edək ki, ötən il istirahət mərkəzlərinin birində baş verən bədbəxt hadisə nəticəsində azyaşlı İmran Cəfərzadə ağır xəsarətlər almışdı. Sonradan dövlətin dəstəyi ilə müalicə olunan az yaşlı İmran Cəfərzadəni xatırladan nazir Ə.Qarayev hazırda turizm obyektlərində təhlükəsizlik məsələləri ilə bağlı monitorinqlərin keçirildiyini bildirib: "Hansı istirahət mərkəzlərində lazımi ölçülər götürülür və təhlükəsizlik islahatları təmin olunacaq, onlara fəaliyyət göstərməyə icazə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə