Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru Səməd Seyidov, universitetin prorektorları, müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbirdə aparıcılar Novruz bayramı, adət-ənənələri haqqında iştirakçılara məlumat veriblər. Daha sonra ADU tələbələrinin ifasında "ADU xəbər" və "Toy" səhnəcikləri nümayiş olunub.
Tədbirdə universitetin rektoru Səməd Seyidov çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib: "ADU hər zaman öz tələbələri ilə fəxr edir. Bu gün Azərbaycan Dillər Universitetinin tələbələrinin Azərbaycanı layiqincə təmsil etdib, bayrağımızı daim ucaldırlar. 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yaradılması ilə bağlı imzaladığı sərəncam çox müdrik bir addım oldu. 2000-ci ildə Ümummilli Liderin daha bir sərəncamı ilə "universitet" statusu alan universitetdə 6000 tələbə təhsil alır, 20-dən çox dil tədris olunur, müxtəlif ölkələrin mərkəzləri fəaliyyət göstərir. Bu işdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin qabiliyyətlərinin üzə çıxmasında böyük rolu var".
Qeyd edək ki, tədbirə bayramın atributları olan Kosa, Keçəl və Bahar qızının gəlişi iştirakçıların üzündə xüsusi təbəssüm oyadıb. Kosa və Keçəlin əhvalatları hamı tərəfindən maraqla qarşılanıb.
Daha sonra ADU-nun həyətində bayram tonqalı yandırılıb. Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB