Martın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Almaniyada yaşayan həmvətənimiz, Əməkdar Rəssam Əşrəf Heybətin yubileyinə həsr edilən fərdi yaradıcılıq sərgisi açılacaq. SİA-nın məlumatına görə, Əşrəf Heybət hələ 1997-ci ildə Mayntsda "Bakı" adlı Azərbaycan Mədəniyyət Cəmiyyətini yaradıb. O, əsərləri BMT-nin Cenevrədəki sarayında, Rumıniya Prezidentinin sarayında, NATO-nun iqamətgahında, İordaniyanın kral sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgiləri keçirilmiş ilk azərbaycanlı rəssamdır.
Zəngin yaradıcılıq bioqrafiyası olan Əşrəf Heybət 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Onun "Salam" əsəri dövlətimizin başçısına hədiyyə olunmuş, yaradıcılığı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən yüksək qiymətləndirilib. Əşrəf Heybət müxtəlif mövzularda yaratdığı bir çox gözəl panno-rəsmlərin müəllifidir. Onlardan birini - "11 sentyabr" rəsmini Nyu-Yorkun merinə rəssam şəxsən təqdim edib. Buna görə mer həmvətənimizə təşəkkür məktubu göndərmişdir. Rəssamın məşhur "20 Yanvar – Bakı" pannosu Azərbaycan İstiqlal Muzeyində saxlanılır.
Türk dünyası Əşrəf Heybətin yaradıcılığında başlıca istiqamətlərdən biridir. O, həmçinin Roma Papasının, Angela Merkelin, Nobel mükafatı laureatı, yazıçı Günter Qrassın portretlərinin müəllifidir. Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Həmvətənimiz Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasına sədrlik edir. O, həmçinin "Azərbaycan Almaniya" Dostluq Cəmiyyəti idarə heyətinin, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Qeyd edək ki, Əşrəf Heybət Beynəlxalq "Sülh səfiri" diplomuna, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB