Azərbaycanda kinonun vəziyyəti müzakirə edilib

Azərbaycanda kinonun vəziyyəti müzakirə edilib

Bu gün Nizami Kino Mərkəzində "C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ilin yekunları, istehsal edilən filmlər, həyata keçirilmiş tədbirlər və layihələr" mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, ilin yekunları haqda media nümayəndələrinə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov ətraflı məlumat verib: "Bizlər hər hansı iş gördükdə xarici və yerli mütəxxəsislərlə məsləhətləşirik. Bildiyiniz kimi, "Azərbaycanfim"in nəzdində 2 yeni montaj stolu qurulub. Burada da yerli peşəkar insanlardan istifadə olunur. Həmçinin 2014-cü ildə sizlər bir çox Azərbaycan filmlərinin nümayişinin şahidi olacaqsınız. Onu da deyim ki, yeni qrim otaqları da hazırlamışıq. Ancaq buna uyğun yeni kurslar üzərində mütəmadi işlər görülür. Film fondla da uğurlu əməkdaşlığımız davam edir".

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 avqust 2008-ci il tarixli 2961 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"na əsasən görülmüş işlər nəticəsində ölkənin kino sənayesində dinamik inkişaf müşahidə olunur və ictimayətin bu sahəyə olan marağı getdikcə artır. Kino sənayesinin inkişafı çoxşaxəli və mürəkkəb proses olduğu üçün kompleks fəaliyyətlər labüddür. Ötən 2013-cü il ərzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində bir çox xarici şirkətlərlə təcrübə mübadiləsi aparıb. Eyni zamanda gələcək inkişaf üçün təkliflər hazırlayıb, yerli kadrların yetişdirilməsi və onların dəstəklənməsinə dair layihə və təlimlər həyata keçirilib. 2012-ci ildə Azərbaycan kino tarixində ilk dəfə olaraq Azərbaycan Prodüserlər Gildiyası yaradıldı. Özündə 18 prodakşın şirkətini birləşdirən gildiyanın başlıca məqsədi Azərbaycanda rəqabətədavamlı kino bazarının formalaşması və şirkətlər arasında qarşılıqlı dəstək mexanizminin qurulmasıdır. Hazırda gildiya müxtəlif müsabiqələr və layihələr həyata keçirərək fəaliyyət dairəsini genişləndirir" bu sözləri mətbuat konfarnsında Müşfiq Hətəmov söyləyib.

Müşfiq Hətəmov həmçinin Bədii Şuranın fəaliyyəti ilə bağlı mətbuata açıqlama verib: "Bədii şura da fəaliyyətinə yaxın vaxtlarada başlayacaq. Bədii şuranın əsas vəzifəsi filmlərin ssenarisinin düzgün bədii həllinə nəzarət etməkdən ibarətdir. Tərkibi haqda isə yekunlaşdıqdan sonra mətbuata ayrıca məlumat veriləcək".

Qeyd edək ki, sonda Müşfiq Hətəmov media nümayəndələrinin suallarına ətraflı cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə