Azərbaycan “Eurovision-2014”ün milli seçim turuna start verir

Azərbaycan “Eurovision-2014”ün milli seçim turuna start verir

2014-cü ildə İctimai Televiziya "Eurovision-2014" milli seçim turunu yeni formatda keçirəcək. SİA-nın xəbərinə görə, İTV kanalında yanvar ayından etibarən 2014-cü ilin əsas vokal proqramı olan "Böyük səhnə"yə start veriləcək. Layihə çərçivəsində Azərbaycanın ən yaxşı vokalçılarının 7 həftə ərzində yarışda iştirakı nəzərdə tutulur və qalib şəxs Danimarkada keçiriləcək "Eurovision-2014" yarışında Azərbaycanı təmsil edəcək.

"Böyük səhnə" layihəsində tamaşaçıları parlaq şou və unudulmaz anlar gözləyir. Təşkilatçılar bildirib ki, bu layihədə məqsəd yalnız ən yaxşı vokalçını seçmək deyil, həm də proqramı yeni, əyləncəli formatda tamaşaçılara təqdim etməkdir.

"Musiqi və yumor "Böyük səhnə" layihəsinin əsas tərkib hissəsi olacaq. Proqrama seçilən məşhur və sevilən aparıcılar isə layihənin digər sürprizidir" - deyə, İTV-nin baş direktoru Cəmil Quliyev layihə haqqında məlumat verib.

9-13 yanvar tarixlərində Azərbaycanın ayrı-ayrı bölgələrində "Böyük səhnə" layihəsinin seçim turları keçiriləcək. İştirak etmək istəyən vokalçılar proqramın rəsmi saytında yerləşdirilən anket formasını doldurmalıdır. Seçimlər 8 şəhərdə keçiriləcək. Həmin şəhərlər aşağıdakılardır:

9 yanvar

- Sumqayıt: 10.00, Şəhər Tarix Muzeyi, 4-cü mikrorayon, H.Əliyev pr.

- Gəncə: 12.30, Yeni Azərbaycan Partiyası regional idarəsi, Atatürk pr. 252

10 yanvar

- Lənkəran: 13.00, Gənclər mərkəzi, Ş.Axundova küç., 33

- Yevlax: 10.00, Şəhər şahmat məktəbi, H.Əliyev pr. 29

11 yanvar

- Şirvan: 12.00, Şəhər Mədəniyyət Evi, G.Şıxbalı oğlu k.

- Şəki: 10.00, Musiqi məktəbi, M.F.Axundov 1

12 yanvar

- Quba: 11.00, Şəhər Gənclər Mərkəzi, H.Əliyev pr.

13 yanvar

- Bakı: 10.00, İTV kanalı studiyası, M.Şərifzadə 241

Seçim turunda 16 yaşı tamam olan hər kəs iştirak edə bilər (tək, yaxud qrup şəklində). Qrupda maksimum iştirakçı sayı 6 nəfərdir. Seçim zamanı iştirakçı iki dildə musiqi ifa etməlidir: Azərbaycan dilində (mütləqdir) və ingilis dilində (arzuolunandır). Vokalist (yaxud qrup) çıxış zamanı ifa edəcəyi musiqinin bek-vokalsız fonoqramını təqdim etməlidir. İfaçının istəyindən asılı olaraq oxunacaq parça akapello şəklində də ifa oluna bilər. (fonoqramsız)

Qeyd edək ki, proqramın ilk mövsümü ATV kanalında yayımlanıb. İkinci mövsümün ilk verilişi isə yaxın zamanlarda İctimai Televiziyada yayımlanacaq. İlk mövsümün qalibi müğənni Aysel Nərimanova olub. "Böyük səhnə"də ikinci yeri Nigar Məmmədova, üçüncü yeri isə Vlada Axundova tutub. Kastinqin anonsuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz...

http://www.video.az/ru/video/94805/boyuk-sehne-kastinq-anonsu-2014

Bütün xəbərlər Facebook səhifəmizdə