Azərbaycan və Daşkənd Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Daşkənd Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında (DDPU) Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.

Memorandumu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıblar.
Sənəd sözügedən universitetlər arasında əlaqələrin yaradılmasını və genişləndirilməsini, elmi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Memorandumda hər iki ali məktəb arasında tələbə və müəllimlərin, elmi və elmi-texniki ədəbiyyatın mübadiləsi, konfrans, seminar və simpoziumların, həmçinin elmi məsləhətləşmələrin təşkili, tədris prosesi ilə bağlı təcrübə və informasiya mübadiləsinin aparılması və digər bu kimi müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sənəddə ADPU və DDPU-nun elmi jurnallarında qarşılıqlı olaraq məqalələrin verilməsi, bu ali məktəblər haqqında materialların yerləşdirilməsi haqqında da maddə yer alıb.

Qeyd edək ki, Özbəkistanın elm, təhsil, mədəniyyət, turizm sahəsində fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq əlaqələrinin yaradılması və genişləndirilməsi məqsədi ilə müvafiq işlər həyata keçirilir, 2014-cü ildə də bu iş davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə