Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir

Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və mədəniyyət sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi üçün Nazirliyin Kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Kitabxana sektorunun aparıcı məsləhətçisi Əfsun Əhmədov və Elm və təhsil şöbəsinin Təhsil sektorunun məsləhətçisi Vüqar Baxışov 2013-cü il 18-24 dekabr tarixlərində M.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan "Mədəniyyət sahəsində idarəetmə və siyasət" adlı kurslarda iştirak etmiş və xüsusi sertifikatlara layiq görülüblər. SİA-nın məlumatına görə, kurslar çərçivəsində Nazirliyin əməkdaşları üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyində xarici mədəniyyət əməkdaşlığı üzrə Rusiya Prezidentinin xüsusi səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy, Rusiya mədəniyyət nazirinin müavini Qriqoriy İvliyev, Ali teatr institutunun rektoru Boris Lyubimıy və digər rəsmi şəxslər ilə görüşlər təşkil olunmuşdur. Eyni zamanda Nazirliyin əməkdaşları Rusiyanın bir neçə mədəniyyət müəssisələrinin, o cümlədən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Mərkəzi Fundamental Kitabxanası, "Большой театр", A.Baxruşin adına Mərkəzi Teatr Muzeyi və digər müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş və mühazirələr çərçivəsində aparılmış fikir mübadiləsi zamanı Nazirliyin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas prioritetləri haqqında ətraflı məlumat vermişdir.

Qeyd edək ki, görüşlər zamanı Rusiyanın müxtəlif dövlət qurumlarının rəsmiləri Azərbaycanda mədəniyyət sahəsində əldə olunan nailiyyətləri, o cümlədən mədəniyyətlərarası dialoq və multikulturalizm kimi ümumbəşəri dəyərlərin dünyada təbliği sayəsində ölkəmizin oynadığı rolu xüsusi olaraq vurğulayıblar. Belə ki, Rusiya Prezidentinin xüsusi səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy bildiribr ki, sülhə və qarşılıqlı anlaşmaya çağıran mədəniyyətlərarası dialoq kimi prinsiplərin təbliğində Azərbaycanın rolu danılmazdır və bu işdə Rusiya Azərbaycana dəstək göstərməyə daim hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə