Əbülfəs Qarayev xorvatiyalı həmkarını qəbul edib

Əbülfəs Qarayev xorvatiyalı həmkarını qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Xorvatiyanın turizm naziri Darko Lorensinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, Xorvatiya turizm nazirinin müavini Zelimir Kramariç, Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastic və digər rəsmilərin də daxil olduğu nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev onları Bakıda görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın artan turizm imkanlarından bəhs edən Nazir son illərdə ölkəmizin avropalı turistlər üçün maraqlı məkanlardan birinə çevrildiyini, Avropa ölkələri ilə bütün sahələrdə etibarlı tərəfdaşlığın yarandığını diqqətə çatdırıb.

Azərbaycanla Xorvatiya arasında enerji, sənaye və iqtisadiyyat sahələri ilə yanaşı, turizm sahəsində də uğurlu işbirliyinin olduğunu qeyd edən Nazir bu əməkdaşlığın hər iki xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb. Əbülfəs Qarayev Xorvatiyanın turizm sektorunda Avropanın qabaqcıl ölkələrindən biri olduğunu və bu sahədə əlaqələri inkişaf etdirməyin vacibliyini qeyd edib: "Mən sizin ölkənizin turizm infrastrukturunun ən müasir tələblərə cavab verdiyini paytaxtınız Zaqrebdə olarkən gördüm. Son illərdə bizim ölkəmizin turizm infrastrukturunda da nəzərəçarpacaq yeniliklər baş verir, bu istiqamətdə böyük işlər görülür. Bu baxımdan hesab edirəm ki, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir".

Əbülfəs Qarayev xorvatiyalı həmkarını Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ilin aprel ayında Bakıda keçiriləcək toplantısına dəvət edib, həmin tədbir çərçivəsində daha ətraflı və geniş tərkibdə müzakirələrin aparıla biləcəyini deyib.

Səmimi qəbula görə minnətdarlığını bildirən xorvatiyalı qonaq Bakıya səfərindən məmnun olduğunu söyləyib. Xorvatiyada turizmin yüksək inkişaf səviyyəsi ilə bağlı xoş sözlərə görə Nazirə təşəkkür edən Darko Lorensin ölkəsində bu sahədə böyük işlər görüldüyünü, turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrildiyini vurğulayıb. Bununla yanaşı o, Xorvatiyada yeni infrastruktur layihələrinə start verildiyini, 2020-ci ilə hesablanmış yeni strategiyanın hazırlandığını deyib: "Bildiyiniz kimi, həm qlobal maliyyə böhranı, həm də turizmin bir sahə kimi öz xüsusiyyətləri bizi daha təkmil strategiya hazırlamağa vadar edir. Turizm fərqliliyi, yeniliyi sevir. Biz də bu istiqamətdə artıq fəaliyyətə başlamışıq. Hesab edirəm ki, xidmətlərin təkmilləşdirilməsi sahəsində də uğurlu əməkdaşlıq qura bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə