Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının yekunlarına həsr olunmuş iclas keçirilib. SİA-nın verdiyi zəbərə görə, əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, belə genişmiqyaslı, beynəlxalq səviyyəli tədbirə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
Nəzərinizə çatdıraq ki, tədbirdən sonra qonaqlar YUNESCO komitəsi, katiblik tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirmiş, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Azərbaycanda keçirilən silsilə beynəlxalq tədbirlər ölkəmizi dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib.
YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçmiş, 116 ölkədən 611 nəfər (katibliklə birlikdə) iştirak edib. Tədbirin iştirakçılarının ümumi sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə yaxın olmuş və budəfəki sessiya YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin tarixinə ən çox iştirakçı sayı olan iclas kimi düşüb. Sessiyada Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmaq üçün 12 nominasiya irəli sürülmüş və cəmi 4 ölkənin - Azərbaycan, Qvatemala, Monqolustan, Uqandanın nominasiyaları siyahıya salınıb.
"Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na salınmaq üçün 31 nominasiya irəli sürülmüş və onlardan 25-i qəbul olunub.
Hökumətlərarası Komitənin Bakı sessiyası həmçinin təşkilatın "Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya"sının 10 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır.
Sessiya Azərbaycanda internet vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki sessiyalardan iki dəfə artıq - gün ərzində 14300 nəfər olub.
Qeyd edək ki, Nazir çıxışında xüsusi olaraq bildirib ki, YUNESCO Hökumətlərarası Komitəsinin Bakı sessiyasının ölkəmiz üçün ən mühüm nəticələrindən biri xalqımızın qeyri-maddi mədəni irsində mühüm yeri olan, "Çövkən"in - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyununun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir. Sessiyanın ölkəmizin mədəni həyatı, beynəlxalq münasibətləri, o cümlədən YUNESCO kimi mötəbər təşkilatla qarşılılıqlı səmərəli əməkdaşlığının inkişafı baxımdan mühüm əhəmiyyətini vurğulayan nazir tədbirin yüksək səviyyədə təşkilində və uğurla həyata keçirilməsində əməyi keçən ilə hər kəsə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB