Elza İbrahimovanın 75 illik yubiley gecəsi keçirilib

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 75 illik yubiley gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Şərbət Rzaquliyev, müğənnilərdən Rəşad İlyasov, Lamiyə Novruzova, Amil Həsənoğlu, Ramil Qasımov, Mahirə Şirinova, Eldəniz Məmmədov, media nümayəndələri və başqaları iştirak ediblər.

Gecədə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açıb: "Elza xanım qadın bəstəkar olaraq mürəkkəb bir dövrdə yaşayıb. Elza İbrahimovanın mahnılarını Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev kimi karifey sənətkarlar ifa ediblər. Bununla yanaşı, bu gün gənc müğənnilər də onun həmişəyaşar bəstələrini sevə-sevə oxuyurlar. Elza İbrahimova XX əsrdə formalaşmış bəstəkarlıq məktəbinin bütün pillələrini keçmiş bir obrazı özündə birləşdirib. O, musiqi məktəbində, sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsində təhsil alıb. Qara Qarayev kimi dahi bəstəkarın məktəbini keçib".

Azərbaycan və Dağıstanın əməkdar artisti Şərbət Rzaquliyev, muğam ifaçısı Eldəniz Məmmədov, müğənnilər Rəşad İlyasov və Amil Həsənoğlu Elza İbrahimovanın bəstələrindən söz açaraq onun Azərbaycan mədəniyyətinə verdiyi xidmətlərdən və öz musiqiləri ilə hər kəsin ürəyinə yol tapmağı bacaran sənətkar olduğunu bildiriblər.

Daha sonra əməkdar artist Gülüstan Əliyeva Elza İbrahimovanın hələ də onların sırasında olduğunu dilə gətirib: "Bu gün Elza xanımın 75 illik yubileyi qeyd olunur. Mən də öz növbəmdə böyük fəxrlə bu konsertdə iştirak edirəm. Elza xanım həm pianoçu, həm də bir bəstəkar kimi mənim qəlbimə çox yaxındır. Elza İbrahimovanın çox az mahnısı olar ki, onu mən ifa etməyim".

Nəzərinizə çatdıraq ki, Elza İbrahimova Azərbaycanın görkəmli poeziya nümayəndələrindən R.Zəka, B.Vahabzadə, R.Heydər, Ə.Əlibəyli, Ə.Kürçaylı, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva, B.Vəziroğlu, Z.Ağayeva və başqalarının sözlərinə musiqilər bəstələyib. Gecədə tanınmış və gənc müğənnilər bəstəkarın "Ey Vətən", "Gedək üzü küləyə", "Bilməzdim", "Gecələr bulaq başında", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Səslə məni", "Sən yadıma düşəndə" və digər dillər əzbəri olan mahnılarını ifa ediblər. Onları Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblı və Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət edib.

Qeyd edək ki, xalq artisti Elza İbrahimova 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə