Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyası işini davam etdirir. SİA-nın verdiyi xəbərə görə, sessiyanın ikinci iş günü maraqlı müzakirələrlə yadda qalıb. İş gününün əvvəlində Hökumətlərarası Komitə Bürosunun görüşü keçirilib. Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə komitənin iclası işə başlayıb. İclasın birinci hissəsində iştirakçı dövlətlərin qeyri-maddi mədəni irsin qorunması üzrə dövri hesabatları və Qeyri-Maddi Mədəni İrs Fondundan beynəlxalq yardımın istifadə olunmasına dair hesabatlar dinlənilib. Hesabatlarda iştirakçı dövlətlərin Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın yerinə yetirilməsi üzrə fəaliyyətləri və bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısında əks olunan elementlərin hazırkı vəziyyətinin nəzərdən keçirilməsi kimi məsələlər yer alıb.
İclasın sədri bildirib ki, belə hesabatlar üçüncü ildir ki, komitəyə təqdim edilir. Konvensiyaya üzv dövlətlər sənədin ratifikasiya olunmasından 6 il sonra və sonrakı hər 6 ildə belə hesabatlarını təqdim etməlidirlər. Bu il 10 ölkə öz hesabatını təqdim edib. Ölkələr Konvensiyanın direktivlərinin tələblərinə uyğun olaraq qəbul olunan qanunvericilik, tənzimləyici və institusional tədbirlər haqqında məlumat təqdim edib və qeyd edilən siyahıda həmin elementlərin vəziyyəti nəzərdən keçirilib.
Daha sonra gündəlikdə duran ikinci məsələ - YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmış nümunənin cari vəziyyəti haqqında Braziliyanın hesabatı təqdim edilib.
Braziliyanın təqdim etdiyi sənəddə əsas diqqət mədəni irsdən daha çox ətraf mühitin mühafizəsinə yönəldilib. Hesabatın çatışmayan cəhətləri barədə fikirlər söylənilib. Daha sonra Braziliya nümayəndəliyinin fikirləri dinlənilmiş, nümayəndə heyəti təqdim edilən hesabatla bağlı real vəziyyəti üzv ölkələrin nəzərinə çatdırıb.
Sonra Qeyri-Maddi Mədəni İrs Fondundan beynəlxalq yardımın istifadə olunmasına dair iştirakçı ölkələrin hesabatı nəzərdən keçirilib. Bildirilib ki, 2008-ci ildən Konvensiyanın 28 iştirakçı dövləti beynəlxalq yardım alıb. Bu yardım 38 layihəni əhatə etməklə 35 milyon avro təşkil edib. Yardım alan dövlətlər sırasında Afrika ölkələri üstünlük təşkil edir. Yardım alan əsas ölkələr Uqanda, Genuya və Mali olub.
Daha sonra Məşvərətçi qurumun 2013-cü il üçün işinə dair hesabatı nəzərdən keçirilib.
Qeyd edək ki, müzakirə edilən mövzu ilə bağlı Latviya, Çexiya Respublikası, Yaponiya və İspaniyanın təklifləri dinlənildikdən sonra nominasiyaların nəzərdən keçirilməsi günün ikinci yarısına təyin edilib. Təkliflər zamanı sənədlərin sadələşdirilməsi, nominasiyaları təqdim edən sənədlərin keyfiyyətinin yüksəldilməsi, uğurlu nominasiyaların beynəlxalq yardımla təmin edilməsi və s. barədə təkliflər səslənib.
Sessiya günün ikinci yarısında nominasiyaların müzakirəsi ilə işini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB