Oktyabrın 27-dә Türkiyәnin Bolu şәhәrindә beynәlxalq Koroğlu festivalı başlayıb. Festivalda Türk dünyasının çeşidli ölkәlәrini-Azәrbaycanı, Özbәkistanı, Qırqızstanı, Qazaxstanı, Rusiya Federasiyasının Saxa Respublikasını (Yakutya), Türkmәnistanı, Uyğur bölgәsini vә digәr ölkәlәri tәmsil edәn, çoxsaylı nümayәndә heyәtlәri qatılıb.
Bolu şәhәrinin mәrkәzi meydanında keçirilәn festival, Türkiyәnin Mehtәr musiqi qrupunun çıxışı ilә açılıb. Bolu şәhәr bәlәdiyyәsinin sәdr müavini Әminә Davarçıoğlu Türkiyə respublikasının dövlәt başçısı Abdullah Gülün festival iştirakçılarına ünvanladığı tәbrik mәktubunu oxuyub. Abdullah Gül öz mәktubunda festivalın işinә uğurlar dilәyib, bu festivalın Koroğlu dәyәrlәrinin öyrәnilmәsi vә tәbliği baxımından böyük әhәmiyyәt kәsb etdiyini vurğulayıb. Tәbrik mәktubu bu sözlәrlә tamamlanıb: "Koroğlu sadәcә bir dastan deyildir, hamımızı birlәşdirәn ortaq dәyәrdir vә bu dәyәrdәn yetәrincә faydalanmalıyıq".
Daha sonra Bolu bәlәdiyyәsinin sәdri Alaәddin Yılmaz açılış nitqi söylәyib.
A.Yılmaz, festival iştirakçılarını salamlayaraq Koroğlunun Türk dünyasının ortaq qәhrәmanı olduğunu söylәyib, dördüncü dәfә keçirilәn bu tәdbirin böyük әhәmiyyәt daşıdığını qeyd edәrәk deyib: Mәnәvi dәyәrlәrimizә baxanda qarşımıza ilk növbәdә Koroğlu çıxır. Avropa Robin Qudu qәhrәman kimi bütün dünyaya tanıdıb. Türk dünyasının qәhrәmanı olan Koroğlu igidlikdә vә әdalәt uğrunda mübarizәdә Robin Quddan heç dә geri qalmır. Üstәlik Koroğlu әlindә qılıncla bәrabәr saz tutub, söz söylәyib. O hәm dә mәşhur bir aşıq kimi tanınıb. Biz Bolunu Koroğlu adıyla mәşhurlaşdırmaq istәyirik. Festivalın mәqsәdi dә elә Koroğlu sayәsindә Türk dünyası arasında mәnәvi bağları güclәndirmәk, bir könül körpüsü salmaqdır. Koroğlu festivalının 29 Oktyabr Cümhuriyyәt bayramı ilә eyni vaxtda keçirilmәsinin dә rәmzi mәna daşıdığını bildirәn bәlәdiyyә sәdri Türkiyәni dardan qurtaran Mustafa Kamal Atatürk vә onun silahdaşlarının da әslindә XX yüzilliyin koroğluları olduğunu vurğulayıb.
Daha sonra festivalda Azәrbaycan Milli Mәclisinin deputatı Qәnirә Paşayeva çıxış edib. Azәrbaycanlı deputat tәdbirin tәşkilatçılarına öz minnәtdarlığını bildirib, Türkiyә, Azәrbaycan vә digәr Türkdilli ölkәlәr üçün Koroğlunun ölmәz bir dәyәr olduğunu vurğulayıb. Q. Paşayeva daha sonra deyib: "Bu festivallar, elmi simpoziumlar ortaq dәyәrlәrimizin yayılması, Türk dünyasının birliyinin güclәndirilmәsi baxımından müstәsna әhәmiyyәt daşıyır. Koroğlu, haqsızlığa qarşı mübarizә aparan, zülmә vә zalıma qarşı vuruşan, әzilәnlәrin yanında olan ortaq bir qәhrәmanımızdır. Koroğludan söhbәt düşәndә mәnim, sәnin deyil, bizim kәlmәsini işlәtmәk daha düzgün olardı. Koroğlu Türk dünyasının ruhudur. Hansı bir türk diyarına, şәhәrinә ayaq bassaq orada Koroğlunun heykәllәrini, bu әfsanәvi qәhrәmanla bağlı bir çox abidәlәri, qalaları vә digәr tarixi yerlәri görә bilәrik. Hәr bir türk toplulmunun öz Koroğlu dastanı vardır. Buna görә dә Koroğlunun tәbliğinә vә onunla bağlı tәdbirlәrә xüsusi diqqәt yetirmәliyik. Ona nail olmalıyıq ki, Koroğlu tәkcә türk dünyasında deyil, bütün dünyada tanınsın."
Q. Paşayeva Azәrbaycanın birinci xanımı, UNESCO-nun vә İSESCO-nun xoşmәramlı sәfiri Mehriban Xanım Әliyevanın Azәrbaycanın milli irsinin vә milli dәyәrlәrinin, folklor nümunәlәrinin dünyada tәbliği sahәsindә gördüyü işlәrdәn danışıb, Koroğlu dastanının da UNESCO-nun mәdәni irs siyahısına daxil olması üçün bütün türk dünyasının sәylәrinin birlәşdirilmәsinin vacibliyini vurğulayıb.
Festivalda Almaniyadan olan millәt vәkillәri Arif Ünal vә Raymond Roys, Bolu millәt vәkili Fәhmin Küpçü, Bolu valisi Mustafa Kamal Kәskin, Türkiyә tәhsil nazirinin müavini Orxan Әrdәm vә başqaları çıxış ediblәr. Çıxışlarda festivalın әhәmiyyәtini yüksәk dәyәrlәdirib, türkdilli ölkәlәrinin elm adamlarının, tədqiqatçıların, sәnәt adamlarının bir araya gәtirdiyini vә türk dünyasının birliyi baxımından böyük önәm daşıdığını diqqәtә çatdırıblar.
Festivalın açılış mәrasimi Türkiyә baş nazirinin müavini Bәkir Bozdağın çıxışı ilә yekunlaşıb. B. Bozdağ Türk dünyasını birlәşdirәn ortaq adların önündә Koroğlu adının gәldiyini bildirәrәk deyib: "Bolu bәlәdiyyәsinin Koroğlunu bәşәri bir dәyәr, bәşәri bir qәhrәman kimi dünyaya tәqdim etmәk mәqsәdi ilә keçirdiyi bu festival türk dünyası ilә Türkiyә arasında yaradılan yeni bir körpüdür. Bu yolda tәk bir bәlәdiyyә deyil, bütün әlaqәdar qurumlar, hamımız әlimizdәn gәlәni әsirgәmәmәliyik".
Türkiyә Avrasiya Yazarlar Birliyinin sәdri Yaqup Dәliömәroğlu AzәrTAc-ın müxbirinә müsahibәsindә, festivalın Koroğlunun ortaq bir qәhrәman olaraq, ortaq bir dәyәr olaraq böyük önәm daşıdığını bildirib vә qeyd edib ki, türk dünyasının ortaq qәhrәmanı olan Koroğlunun gәnclәrә, yeni nәslә tanıtmaq üçün yeni üsullardan istifadә etmәliyik. Koroğlu kimi keçmişdәki ortaq dәyәrlәrimizi çağdaş metodlarla - filmlәrlә, tamaşalarla, internet resusları vasitәsiylә tәbliğ etmәliyik.
Ankara Qazi Universitetinin müәllimi, professor Hüseyn Özbay da öz müsahibәsindә Koroğlunun ortaq milli qәhrәmanımız olmaqla, keçmişlә bu günü vә gәlәcәyi bir-birinә bağlayan qırılmaz bir zәncir olduğunu dilә gәtirmiş, Koroğluya, Yunis İmrәyә, Dәdә Qorquda, Manasa vә digәr ortaq dәyәrlәrimizә yeni metodlarla yanaşmamızın, indiki vә gәlәcәk nәsillәrimizә onları bütün yönlәriylә tanıtmağın vә öyrәtmәyin, xüsusilә ibtidai siniflərdən başlayaraq ortaq dәrsliklәrimizә daxil etmәyin vacib bir mәsәlә olduğunu söylәyib. Koroğlu dastanlarının müxtәlif ölkәlәrdә müxtәlif varyantları var. Onların hamısı araşdırılmalı, öyrәnilmәli vә ortaya bitkin dastanlar çıxarılmalıdır.
Beynәlxalq Koroğlu festivalı türk dünyasının müxtәlif ölkә vә topluluqlarından Boluya dәvәt olunmuş milli folklor qruplarının rәngarәng rәqslәri, mahnıları ilә davam edib. Tәdbirin keçirildiyi meydanda milli sәrgilәr nümayiş olunub. Günün sonuna yaxın Koroğlu filmlәrindәn parçalar göstәrilib.
Festval davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB