Ramiz Məlik-70

19 oktyabrda Akademik Milli Dram Teatrında görəkəmli səhnə ustası, Respublikanın xalq artisti, Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü Ramiz Məlikin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, aktyorun öz istəyi ilə həmin gün qısa rəsmi hissədən sonra "Qoca kloun tələb olunur" tamaşası nümayiş olunacaq. Xatırladaq ki, rumın dramaturq Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış "Qoca kloun tələb olunur" tamaşasında Akademik Milli Dram Teatrının qocaman sənətkarları, xalq artistləti Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov və əməkdar artist İlham Hüseynov çıxış edirlər. Yığcam xronometrajı ilə seçilən tamaşanın (cəmi 95 dəqiqə) süjeti kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç klounun eyni zamanda bir az şən, bir az kədərli, bir az mərhəmətli, bir az amansız, nostalji dolu əhvalatı üzərində qurulub. Artıq tükənmiş, peşəkar vərdişlərini itirmiş, amma səhnəyə məhəbbəti hələ də qəlblərində daşıyan klounlar tamaşa boyu keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə