Azərbaycan kitabları Frankfurt beynəlxalq kitab yarmarkasında nümayiş olunur FOTO

Azərbaycan kitabları Frankfurt beynəlxalq kitab yarmarkasında nümayiş olunur FOTO

Almaniyanın Frankfurt şəhərində beynəlxalq kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) açılıb. SİA-nın verdiyi xəbərə görə, bu il 65-ci dəfə gerçəkləşən yarmarkada Azərbaycan kitabları da nümayiş etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil olunur.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun məlumatına görə, sərginin açılış günü ilk dəqiqələrdən Azərbaycan stendi xüsusi maraq doğurub. Qonaqlar zövqlə tərtib olunmuş guşədə nümayiş olunan çap məhsullarına xüsusi diqqət göstəriblər. Ziyarətçilər arasında Türkiyənin Almaniyadakı səfiri, Frankfurtdakı baş konsulu, türk-Azərbaycan diasporunun nümayəndələri, naşirlər olub.

Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.

Yarmarkanın təşkilatçı rəsmiləri də Azərbaycan stendini ziyarət edib. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Elbəy Əli sərginin təşkilat komitəsindən Mərkəzi Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələri üzrə meneceri xanım Vladka Kupska ilə söhbətində ölkəmizin Frankurt sərgisində son illər fəal iştirak etdiyini diqqətə çatdırıb. Söhbət zamanı növbəti illərdə respublikamızın yarmarkada daha geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, Azərbaycan sərginin "Fəxri qonaq" ölkəsi kimi iştirakının mümkünlüyü də müzakirə edilib. Xanım Vladka Kupska ölkəmizin son illər uğurlu inkişaf yolu keçdiyindən məlumatlı olduğunu söyləyib. Frankfurt sərgisində fəal iştirakın Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə töhfə olacağını deyib.

Ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir. "Şərq-Qərb" nəşriyyatı Azərbaycan guşəsinin yaxınlığında Nazirliyin dəstəyi ilə xüsusi stenddə kitablarını nümayiş etdirir. Sərgi günlərində bir sıra təqdimatlar nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, oktyabrın 12-də Azərbaycan guşəsində Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, Ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçiriləcək. Tədbirə Hessen əyaləti məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunub.
Frankfurt kitab yarmarkası 1949-cu ildən ənənəvi olaraq keçirilir. Bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənir.

Qeyd edək ki, ənənəyə əsasən hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki yarmarkanın fəxri qonağı Braziliyadır. Yarmarka oktyabrın 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə