Aktyorlar “Sevgi şərbəti”nin dadına baxacaq FOTO

Aktyorlar “Sevgi şərbəti”nin dadına baxacaq FOTO

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı çərçivəsində Q.Donisettinin (1797-1848) "Sevgi şərbəti" operasının premyerası olacaq. Teatrdan SİA-ya verilən xəbərə görə, bu əsər dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olub, operasevərlər tərəfindən çox bəyənilir.

65 operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisetti Rosinninin açdığı cığırla irəliləyərək İtaliya opera sənətinin ən yaxşı ənənələrini davam etdirib və italyan operasının gələcək inkişaf yolunu göstərib ki, həmin yolun davamçısı kimi isə sonradan klassik operanın Verdi kimi nümayəndəsi yetişib. XIX əsrin 30-40-cı illəri onun yaradıcılığının çiçəkləndiyi dövrə təsadüf edir. Bəstəkara ümumdünya şöhrəti qazandıran "Sevgi şərbəti" operasının yaranması məhz həmin dövrə təsadüf edir.

"Sevgi şərbəti" operasını Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlayıb. Opera ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulmuş və bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib. Maraqlı süjet xətti və gözəl musiqisi bu operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmasına səbəb olub.

Tamaşanın quruluşçu rejissoru Ukraynadan dəvət edilmiş istedadlı teatr rejissoru Nikola Tretyak, musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur. Tamaşada teatrın aparıcı solistləri – əməkdar artistlər Əkrəm Poladov, Səbinə Əsədova, həmçinin gənc solistlər Afaq Ağayeva, Azər Rzazadə, Anton Ferştandt və b. çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə