"Nizami Gəncəvi dünyanın elə bir sərvətidir ki,..." Araşdırma
Azərbaycan xalqının ən böyük şairi və mütəfəkkiri, bütün dünya poeziyasında yeni epik romantik janrın banisi kimi ad çıxarmış dahi sənətkar, ümumdünya və Şərq İntibahının parlaq nümayəndəsi Nizami Gəncəvi XII əsrin ortalarında Gəncə şəhərində yaşayıb-yaradıb. Bu, çox narahat bir dövr idi. Səlcuq türklərinin ərəb işğalçılarını əvəz etdikləri zamandan artıq yüz ilə yaxın bir müddət keçirdi. Onların gəlişi ilə ərəb dili özünün üstün mövqelərini itirmişdi. Səlcuqlar dövlət dili kimi ərəb dilinin əvəzinə gəldikləri Orta Asiyada geniş yayılmış fars dilindən istifadə edirdilər. Beləliklə, müsəlman dünyasının qurtaracağında, Azərbaycanın şimalında bütün Şərqdə tanınan, öz nümayəndələri etibarilə güclü və qüdrətli, mahiyyətcə qeyri-adi dərəcədə rəngarəng və zəngin farsdilli Azərbaycan poeziyası cərəyanı yaranıb inkişaf tapır. Həmin məktəbə isə "şairlər padşahı" Nizami Gəncəvi başçılıq edirdi.
Uzun illərdən bu günə qədər dahi Azərbaycan şairi Nizami Gəncəvini başqa ölkələr öz mütəfəkkiri kimi təqdim etməyə cəhd ediblər. SİA-nın məlumatına görə, xüsusilə də İran ölkəsi şairin fars olduğunu iddia edib. Həmin iddialardan biri də bu yaxınlarda təkrarlandı. Belə ki, Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin məqbərəsində fars dilindəki kitabələrin qaldırılaraq Azərbaycan dilindəki kitabələrlə əvəzlənməsi İranda narazılıqla qarşılanıb. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məsələ ilə bağlı öz etirazını bildirib.
"Nizami Gəncəvi İranla Azərbaycan xalqı daxil olmaqla bəşəriyyətin ortaq mədəniyyət mirasıdır"- deyən səfirin sözlərinə görə, Nizami Gəncəvi hər iki xalqın dostluq mövzusudur və ixtilaf məsələsinə çevrilməməlidir. İranla Azərbaycanın bu ortaq mədəniyyət simvolunun qorunması üçün ortaq bir nöqtədə razılaşması lazımdır".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli isə deyir ki, barlı ağaca göz dikən, sahiblənmək istəyən çox olur: "Nizami Gəncəvi dünyanın elə bir sərvətidir ki, onu bütün xalqlar öz adına çıxarmaq istəyir. Lakin nəhəng poetik dünyası, fəlsəfəsi olan ədibin Azərbaycanın Gəncə şəhərində anadan olması, ömrü boyu orada yaşayıb, yazıb-yaratması təkzibolunmaz faktdır".
Nazirliyin şöbə müdiri fikirlərinə onu da əlavə edib ki, Nizami Gəncəvini fars şairi kimi təqdim etmək yolverilməzdir, bunun heç bir əsası yoxdur: "Bu faktı yalnız İran ədəbiyyatşünasları, tarixçiləri iddia edir. İran Nizaminin yazıb-yaratdığı dilə uyğun olaraq Nizaminin fars şairi olduğunu deyir, amma İranda Nizami Gəncəvinin doğulduğu ərazi, qəbri, türbəsi, ziyarətgahı yoxdur. Bunlar yoxdursa, yalnız dil faktoruna görə Nizaminin fars şairi olmasını demək düzgün deyil".
"Məsələ burasındadır ki, XII əsrdə elm dili ərəb, poeziya dili fars dili hesab edilib və İran ərazisinin böyük hissəsi, eləcə də qonşu dövlətlər Azərbaycan ərazisi hesab edilib. Hətta türk xaqanları, dövlət başçılarının saray dili fars dili olub. Nizami Gəncəvinin türk dilində yazdığı əsərləri də var. Lakin onun dövründə türkcə divan təcrübəsi olmadığı üçün nəhəng əsərləri fars və ərəb dillərində bir yerə toplanıb. Nizami əsərlərində türk dünyasına böyük məhəbbətini türk atalar sözləri və türk təfəkkür nümunəsi olan ayrı-ayrı ifadələrlə sübut edir. Onun yaratdığı obrazlar xarakter, geyim, davranış etibarı ilə bütün Şərq və türk xalqlarının da varlığını təcəssüm etdirir"- deyə, nazirlik rəsmisi əlavə edib.
Vaqif Bəhmənlinin sözlərinə görə, belə mübahisəli məsələnin aradan qaldırılması üçün Azərbaycan elmi davamlı şəkildə çalışmalıdır: "Nizami Gəncəvinin yaradıcılığı o qədər genişdir ki, onun əsərlərini adi tərcüməçilər edə bilməzlər. Bunun üçün də bəlkə də bir institut fəaliyyət göstərməli və hər kəs "Xəmsə" ilə daha yaxından tanış olmalıdır".
Filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Əzizağa Nəcəfzadə isə öz növbəsində bildirib ki, belə bir şairi hər bir ölkə özününkü etmək istəyər: "Nəinki İran, eləcə də ermənilər onu bu yaxınlarda dərc olunan bir məqalədə ləzgi şairi etməyə çalışırdılar. Lakin AMEA tərəfindən bu məsələyə tutarlı cavab verildi və Gəncəvinin soykökünün türk xalqlarına məxsus olduğu göstərildi. Onun fars şairi olmasını israr edən fars alimləri onun "İqbalnamə" əsərini əsas gətirirlər. Orada 2 misra yazı var ki, orada şairimiz Qum şəhəri haqqında fikirlərini bildirir. Bu misralara əsaslanıb onun Qum şəhərindən olması deyilirdi. Lakin Azərbaycan alimləri bu misraların sonrada əsərə əlavə olunduğunu meydana çıxarıblar. Tutarlı tədqiqatlar sübut edib ki, bu 2 misra Nizami Gəncəvinin "İqbalnamə" əsərinin daha qədim əlyazmalarında yoxdur".
Ə. Nəcəfzadə qeyd edib ki, Nizami Gəncəvi hər zaman əsərlərində Azərbaycan şairi olması ilə fəxr edib: "O Gəncədə anadan olub və bu danılmaz faktdır. Onun məqbərəsi də məhz oradadır. Onun türk əsilli olmasını sübut edəcək faktlar da əsərlərdə öz əksini tapıb".
Nizaminin əsərləri həm də Azərbaycan xalqının orta əsrlər etnoqrafiyası üzrə bir ensiklopediyadır. Akademik Y. E. Bertelsin yazdığına görə, əgər nəzərə alsaq ki, bütün bu biliklərə möhtəşəm bir poetik istedad da əlavə olunub, aydın olar ki, Nizami saray şairliyi yoluna keçsəydi, o zaman o baş gicəlləndirici tərzdə sürətli müvəffəqiyyət qazana bilərdi. Ancaq Nizami saray şairliyi yolunu tutmur və heç zaman Gəncədən qırağa çıxmadan burada yaşayır.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkardır. Onun yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanıb. Nizami bütün ömrü uzunu Gəncədə yaşamış və bu şəhərdən kənara çıxmadığını və ya çıxa bilmədiyini dönə-dönə əsərlərində qeyd edib. Bu qeydlər göstərir ki, Nizaminin guya ömrünün sonlarına yaxın İraqi-ərəb səyahətinə çıxaraq Xaqani ilə birlikdə Məkkə səfərinə getməsi haqqında yazan müəlliflərin fikri səhvdir və bu fikirlər yalnız əfsanəyə əsaslanır. Ümumiyyətlə Nizaminin həyatına dair əfsanələr çox olub, lakin həmin əfsanələrin uydurma olduğunu Nizaminin öz əsərləri təsdiq edir.
Odur ki, Nizami Gəncəvi fars yox, əsl Azərbaycan şairidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB