Qobelen rəssamın fərdi sərgisi açılıb FOTO

Qobelen rəssamın fərdi sərgisi açılıb FOTO

Muzey Mərkəzinin incəsənət qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qobelençi-rəssam Səməni Qasımzadənin fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illik yubileyinə həsr edilib.

Açılış mərasimində Azərbaycan Memarlar İttifaqının katibi Elçin Əliyev, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, xalqımızın tarixini xalçasız, kilimsiz təsəvvür etmək çətindir. Bu sənət nümunələri ilə yanaşı, son vaxtlar müasir üslubda qobelenlər də ərsəyə gəlir. Bir çox sənətçilər bu gözəl və təkrarsız sənətə müraciət edirlər. Artıq 25 ildir ki, bu sənət ilə məşğul olan Səməni Qasımzadə bir çox dekorativ tətbiqi sənət sərgilərində iştirak etmiş və öz üslubu ilə seçilib.

Qobelençi-rəssam Səməni Qasımzadə isə çıxışında qeyd edib ki, bədii tətbiqi sənətin bir qolu olan qobelen sənəti orijinal yanaşma nəticəsində daha da inkişaf edir və çox ciddi əsərlər yaranır: "Xalq tətbiqi sənətində ornamentlərlə həyata qədəm qoyan kilim bu gün bədii tətbiqi sənətdə tematik əsərlərlə öz sözünü deməkdədir. Arzulayardım ki, öz yaradıcılığımla bu sahəyə bir damla da olsa töhfə vermiş olum, dünyaya baxışımı və həyatda yaşanan anları qobelendə yaşadım".

Sonra sərgiyə baxılıb. Müxtəlif mövzuların əks etdirildiyi 30-dan çox qobelenin nümayiş etdirildiyi sərgi iyunun 11-dək davam edəcək. Səməni Qasımzadə 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Müxtəlif sərgilərin iştirakçısı olub. Azərbaycan Rəssamlar və Dizaynerlər ittifaqlarının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə