Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. SİA-nın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti, Prezident təqaüdçüsü Solmaz Qurbanova uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Məlumat üçün bildirək ki, Solmaz Qurbanova ilk yaradıcılıq fəaliyyətinə 1956-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həmin dövrdə teatrın baş rejissoru olmuş Zəfər Paşa oğlu Nemətovun dəvəti ilə başlayıb və elə həmin vaxtdan taleyini teatra bağlayıb. Gənc Tamaşaçılar Teatrının səhnəsində Gülcamal (İskəndər Coşğun "Komsomol" poeması), Qavroş (V.Hüqo "Səfillər"), Rəcəb (Yusif Əzimzadə "Anacan"), Culyetta ("Uilyam Şekspir "Romeo və Culyetta"), Cemma (Etel Voyniç "Ovod"), Səcərəd (Qeybulla Rəsulov "Əlvida Hindistan"), qadın (Kamal Aslan "Yuxulama"), Qəmərbanu (Elçin "Mahmud və Məryəm), Nərgiz (Əhməd Orucoğlu "Məhəbbət bir bəladır"), Bibi (Əli Əmirli "Bala bəla sözündəndir"), Suğra (Tamara Vəliyeva "Mənim ağ göyərçinim"), Afərid (İskəndər Coşğun "Rüstəm və Söhrab"), Gönçə xanım (İlyas Əfəndiyev "Büllur sarayda"), Xanım xala (Elçin "Ağ dəvə"), Rahibə (Uilyam Şekspir "Səhvlər komediyası") və başqa obrazlara maraqlı səhnə həyatı verib.
Azərbaycan Milli Teatr sənəti sahəsindəki xidmətlərinə görə Solmaz Qurbanova 1979-cu ildə əməkdar artist, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən isə Prezident təqaüdçüsü idi.
Xalq artisti Solmaz Qurbanova 2011-ci ilin sentyabrın 1-ə qədər öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində gənc nəslin təlim-tərbiyəsində muhüm rol oynayan, xeyli sayda uşaqlar və böyüklər üçün hazırlanan tamaşalarda əsas obrazları yaradaraq onların yüksək bədii dəyərə malik olmasına səy göstərib, bilik və təcrübəsini teatr sənətinin inkişafına həsr edib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB