Bu gün Milli Azərbaycan Tarix Muzeyi və Çexiya Milli Muzeyinin birgə təşkilatçılığı ilə "Çexiya süleyman daşı" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı Azərbaycan- Çexiya əməkdaşlığının əhəmiyyətindən danışaraq sərginin açılışının bu günlərdə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramına salınmasının vacibliyini bildirib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, sərgi Çexiya süleyman daşını Çexiya torpaqlarının mineroloji rəmzi kimi göstərmək, həmin daşdan düzəldilən zərgərlik və digər əşyaları nümayiş etdimək məqsədi ilə təşkil olunub: "Sərgi beynəlxalq əməkdaşlığın bariz nümunəsidir, onun keçirilməsi barədə qərar ötən il Prezident İlham Əliyevin Çexiyaya səfəri zamanı qəbul olunub. Nəticədə Çexiya Milli Muzeyi və Milli Azərbaycan Tarix Muzeyi arasında qarşılıqlı anlaşma barədə memorandum imzalanıb".
Daha sonra Çexiyanın mədəniyyət naziri Alena Xanakova qeyd edib ki, Çexiya Milli Muzeyi bu daşı 1918-ci ildən başlayaraq toplayır və hazırda dünyada bu mineraldan düzəldilən ən böyük kolleksiyaya malikdir: "Sərgidə tamaşaçılar zərgərlik nümunələri, məişət əşyaları, bədii və tarixi- etnoqrafik materiallar olan 160 eksponatla tanış olacaqlar ki, onlar da Qotik dövrdən günümüzədək olan tarixi əhatə edir".
Bugünkü sərgidə həmçinin Çexiyanın Milli Muzeyinin direktoru Mixal Lukaç və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat üçün bildirək ki, sərginin təşkilinə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Çexiyanın Mədəniyyət Nazirliyi və Praqadakı Azərbaycan səfirliyi köməklik göstərib.
Qeyd edək ki, Milli Muzey Çexiyanın ən qocaman və zəngin muzeylərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB