“AtaSığorta” ASC kimsəsiz uşaqlar arasında rəsm müsabiqəsi keçirib
"AtaSığorta" ASC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi təşkil edib. Müsabiqədə Bakının Saray qəsəbəsi 7 saylı Uşaq Evinin kimsəsiz uşaqları öz bədii yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Uşaqlar "Qoy həmişə günəş olsun" mövzusu altında rəsmlər çəkiblər.
Tədbir haqqında SİA-ya "AtaSığorta" ASC İdarə Heyətinin sədri Müseyib Əliyev məlumat verib: "Bu aksiya şirkətin Korporativ Sosial Məsuliyyəti çərçivəsində aparılır və iyunun 1-də hər yerdə qeyd olunacaq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilib. Qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafını daim diqqət mərkəzində saxlayırıq. Bugünkü rəsm müsabiqəsini keçirməkdə məqsədimiz uşaqların mənalı istirahətini təşkil etmək, onları bir araya gətirərək cəmiyyətdə tək olmadıqlarını hiss etdirməkdir".
Müsabiqədə qalib gələn uşaqlara müxtəlif hədiyyələr, dünya ədəbiyyatından uşaq kitabları təqdim edilib. Yarış başa çatdıqdan sonra konsert proqramı təşkil olub. Kimsəsiz uşaqlar qonaqlarla birgə milli musiqimizin sədaları altında şənləniblər.
Qeyd edək ki, "AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB