Fərid məşhur Eurovision səhnə rejissorunu özünə valeh edib FOTO
Məşhur rejissor Fokas Evangelinosla birgə çalışacağı məlum olduqdan dərhal sonra Fərid Məmmədov Eurovision mahnı müsabiqəsi üçün bu həftənin əvvəlindən güclü rejimlə işləməyə başlayıb. SİA-nın itv.az saytına istinadən verdiyi xəbərə görə, Fəridin qabiliyyəti, gözəl musiqi istedadı, çalışqanlığı və Fokasın peşəkarlığının bir araya gəlməsi ilə Malmö şəhərindəki Eurovision səhnəsində "Hold Me" mahnısının olduqca uğurlu və fərqli tərzdə tamaşaçılara təqdim olunacağı gözlənilir.
Bu həfə Fəridin böyük əzmlə çalışması da buna bir sübutdur. Fərid gün ərzində vokal, rəqs, eyni zamanda idman dərsləri olmasına baxmayaraq, yüksək peşəkarlıqla hər şeyin öhdəsindən gəlir və gecə gec saatlara qədər o bütün proqramı tamamlayır.
Fəridin öz işinə qarşı olan bu böyük sevgisi və məsuliyyəti Fokası valeh edib. Bunu Fokas belə izah edib: "O çox çalışqan və eyni zamanda istedadlı bir müğənnidir. Fərid ona deyilən hər bir şərhi qeydə alır və Eurovision səhnəsində əlindən gələnin ən yaxşısını etməyə can atır. O hər şeydə mükəmməllik tərəfdarıdır və çox məsuliyyətlidir. Onunla birgə işləmək insana zövq verir."
Hələ ki, "Hold Me" mahnısının Eurovision səhnəsində necə təqdim ediləcəyi bir sirr kimi saxlanılır. İfa ilə bağlı Fokasın dedikləri: "Fəridin Eurovision səhnəsində nümayiş etdirəcəyi ifa haqqında çox şey deyə bilərəm, lakin hal-hazırda bunu bütün detalları ilə açıqlamağın doğru olacağını zənn etmirəm."
Fokas Eurovision Mahnı Müsabiqəsində səhnə rejissoru kimi çalışaraq uğur qazanmaqdan həmişə çox böyük zövq alıb. Xatırladaq ki, 2005-ci ildə təşkil olunan Eurovisionda səhnə rejissoru olduğu Yunanıstan təmsilçisi Helena Paparizounun ifası yunanlara qalibiyyət gətirmişdi. Bundan başqa Ani Lorak, Dima Bilan, Sakis Rouvasın unudulmaz Eurovision səhnələrini də məhz Fokas hazırlamışdı. Bu il Azərbaycanın təmsil olunacağı mahnıya gəldikə isə, bu Fokasa "Hold Me" mahnısının bəstəkarı Dimitrios Kontopoulosla birgə yenidən tamaşaçılara gözəl bir əsər təqdim etmək şansı verib.
"Bu iş 4 illik fasilədən sonra mənim yenidən Eurovision layihəsində fəaliyyətim deməkdir. Mən "Hold Me" mahnısının Demo versiyasını ilk dəfə Dimitrisdən eşidəndə mahnını doğurdan da sevdim! Daha sonra Fəridin çıxışını görəndə artıq beynimdə ifanın səhnələşdirməsi ilə bağlı ideya canlanmışdı. Bu sənətçinin və mahnının gözəl harmoniyasıdır"- deyə Fokas əlavə edib.
Qeyd edək ki, Fərid Məmmədov Malmö şəhərində 16 May tarixində "Hold Me" mahnısını Eurovision Mahnı Müsabiqəsinin II yarımfinal mərhələsində 4-cü nömrə altında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB