... Və yaxud Adil Əsədli ocağından doğan Şəms
Ot kökü üstə bitər FOTOLAR

Gənc istedadlar haqqında növbəti yazının alınması haradansa təsadüfən oldu. Lənkəran Şəhər rəssamlıq məktəbinin 30 illiyi ilə bağlı məlumat əldə etmək üçün bu sənət ocağına baş çəkmişdim. Məktəbin direktoru, istedadlı rəssam Adil Əsədli ilə görüşdüm. Söhbət edə-edə burada sərgilənən əsərlərlə tanış olmağa başladıq.

Müxtəlif janrlarda çəkilmiş, neçə-neçə sərgilərin qalibi, mükafatçısı olmuş bu əsərləri həyacansız izləmək mümkün deyildi. Boyakarlıq, qrafika janrında çəkilmiş əsərlərlə yanaşı, janr etibarı ilə bu əsərlərdən seçilən müxtəlif parçalar üzərində işlənmiş rəsmlər diqqətimi xüsusi cəlb etdi. Sadəliyi ilə yanaşı, mövzu rəngarəngliyi, dərinliyi ilə seçilən həmin əsərlərin müəllifi barədə Adil müəllimdən bilgi istədim. Kənardan məni diqqətlə izləyən Adil müəllim marağımı görüb dilləndi:

- Şəmsin əl işləridir. Məktəbimizin müəllimlərindəndir...

Şəms haqqında daha ətraflı məlumat istəyəndə Adil müəllim təvazökarlıqla gülümsəyib:

- Mənim yetirməmdir. Qızımdır, - bildirdi. Daha sonra əlavə etdi:

- Həkim olmasını istəyirdik, lakin görünür, rənglərin cazibəsindən qurtula bilmədi, mənim yolumu seçdi...

Öyrənirik ki, Əsədli Şəms Adil qızı 8 sentyabr 1990-ci ildə Lənkəran şəhərində anadan olub. 1996-ci ildə Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb Litseyə daxil olub. 2007-ci ildə orta məktəbi tərifnamə ilə bitirib. Orta məktəblə yanaşı, həmin ildə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbini də bitirib. 2008-ci ildə Azərbaycan Dovlət Rəssamliq Akademiyasina daxil olub. 2012-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Hal- hazırda Lənkəran şəhər Uşaq rəssamlıq məktəbində müəllim işləyir. Bir çox respublika sərgilərində iştirak edib. İlk uğuru 2004-cü ildə Bakida keçirilmiş "Torpaq, od, su və hava" mövzusunda kecirilmiş sərgidən gəlib. Həmin sərgidə nümayiş olunan əsəri mütəxəsissilər tərəfindən yüksək qiymətləndirilib. Şəmsin əl işi sərgidə 1-ci yerə layiq görülüb. Lənkəran bələdiyyəsi tərəfindən keçirilmiş "Azərbaycan və dünyaya baxış" sərgisində də eyni nailiyyəti təkrarlayıb. Əsəri 1-ci yeri tutub. 2011- ci ildə Azərbaycan İncəsənət konsullugunun keçirdiyi "Potensial" adli dekorativ-tətbiqi sənət festivalında və Bakida keçirilən " 8 mart Beynəlxalq qadinlar gunu" respublika sərgisində diplomlara layiq görülüb. Ötən il Lənkəran Gənclər fondunun təşkil etdiyi "Narkomaniyaya yox deyək" adli sərgidə də uğura imza atıb. Bu sərginin də diplomunu qazanıb. Təəsüf ki, Şəmsin özü ilə görüşə bilmədik. Lakin gənc rəssam haqqında Adil müəllim kimi ustad, istedadlı bir rəssamdan savayı daha kimdən dəqiq məlumat ala bilərdik ki?.. Adil Əsədli:

- Hər janrda işləri var, keramika, batika, rəngkarliq..indi daha cox isti batiklə məşğul olur. Əlavə edək ki, rəssamlıqda batik üslubu son vaxtlar yayılmağa başlayıb. Batikin klassik vətəni İndoneziya sayılır. Hindistanda, Peruda da bu texnikadan geniş istifadə olunur. Bizim kələğayı da beynəlxalq səviyyədə bu texnikaya nümunə kimi qəbul edilib. Sənətkarlarımız ötən əsrin sonlarından bəribu yeni janrla maraqlanmağa başlayıblar. Şəmsinbatik üslubunda işlədiyi "Lənkəran Xan evi" görənləri daha cox cəlb edir. Keramika islərindən "Misir gözəli"də sərgilərdə daha çox marağa səbəb olan əsərlərindəndir.

Şəms hələ gəncdir. Əsərlərində axtarış ruhu, bir yenilik var. Onun istər batikada, istəsə də keramika janrında əsərləri adamı düşündürür. İstedadlı rəssamımız Adil Əsədli ocağından pərvazlanan Şəms, inanırıq ki, nəinki respublikanın, eləcə də dünyanın səviyyəli rəssamlarından birinə çevriləcək.

Bizim qeyd: Batik sənəti 2009-cu il Oktyabrın 2-də UNESCO tərəfindən İndoneziyada Bəşəriyyətin Mədəni İrsinin Şah Əsəri kimi tanınıb. Batik İndoneziyada Yava mədəniyyətinin ayrılmaz hissəsidir. Yavanın kral saraylarına əsaslanan yüksək inkişaf etmiş və incəsənət ənənəsinə çevrilmiş Batik etnik qruplarından asılı olmayaraq bütün İndoneziyalar tərəfindən milli kimlik kimi qəbul edilib. İndoneziyanın Kalimantan, Jambi(Sumatra) və həmçinin Bali kimi bir çox ərazilərində Batik ənənəsi vardır. Bu sənətin mərkəzi Solo, Cogcakarta, Pekalongan və ya Çirebon daxil olmaqla Yava adasının şəhərlərindədir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə