"Fokus" analitik kino jurnalının növbəti nömrəsi çapdan çıxıb. Redaksiyadan SİA-ya verilən məlumata görə, jurnalın növbəti buraxılışı Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşib. Gənc Film İstehsalçıları Assosiasiyası tərəfindən nəşr olunan jurnal Azərbaycanda yeganə peşəkar kino jurnalıdır. Hər nömrəsi maraqla qarşılanan jurnalın dekabr nömrəsində dünya şöhrətli rejissor Jan Lyuk Qodarın master klassı, alman kinorejissoru Verner Hersoqun müsahibəsi yer alıb. Nömrənin özəlliklərindən biri filosof, ictimai xadim Heydər Camalın mühazirəsidir. Bu, müəllifin doğma dilində ilk nəşridir. Teatrşünas Aydın Talıbov "Triyer üçün Dəccal kimdir?" məqaləsində "Antixrist" filminin orjinal traktovkasını verir.
Son dövrlərin səs salan filmlərindən olan "Dolu" və Amerika Kino Akademiyasının Tələbə Oskarı mükafatına layiq görülən "Tabutçunun yelləncəyi" filminə resenziyalar müasir Azərbaycan kinematoqrafı haqda təsəvvür yaratmağa kömək edəcək. "Müharibə edən ölkənin kinosu necə olmalıdır? sualına kinoşünas Aysel Əsgərova "Kinoda savaş" məqaləsində cavab axtarır. Jurnalın daimi müəlliflərindən olan Aliyə Dadaşova "Kino və magiya", professor Aydın Dadaşov isə Line Rifenştalın filmoqrafiyası nümunəsində "Totalitarizmdə TV və təbliğat" mövzusunu araşdırır. Tamaşaçılara "Küçələrə su səpmişəm" filmindən tanış olan kinorejissor Nicat Feyzullayevin "Əgər qismətim olarsa" ssenarisi dekabr nömrəsində yer alıb.
Həmçinin jurnalın növbəti buraxılışında oxuculara "Ağabəyovlar" serialnın həmmüəllifi Kamran Qasımov, kinorejissor Mirnaib Səlimli və icraçı prodüsser Nadir Əliyevlə müsahibə təqdim olunur.
Qeyd edək ki, oxucular jurnalı Nizami Muzeyinin, Qız Qalası yanındakı və "Əli və Nino" kitab mağazasında əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB