Bu gün Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbayacan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili və "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas, Milli Kitabxananın direktoru Kərim Tahirov, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tədbir haqqında məlumat verib: " Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. Bu mətbu orqanla da milli mətbuatımızın əsası qoyub. Eyni zamanda Həsən bəy Zərdabi Azərbaycan maarifində, teatrında böyük işlər görüb".
Daha sonra mərasimdə söz alan mədəniyyət və turizim naziri Əbülfəs Qarayev Həsən Bəy Zərdabinin əldə etdiyi naliyyətlərdən söz açıb: "Bildiyiniz kimi bu il Azərbaycan mədənniyəti zəngin olub. Çünki cənab prezidentimiz bir çox dahi insanların yubileylərinin keçirilməsinə görə sərəncamlar imzalayıb. Bu gün də Həsən bəy Zərdabinin 170 illik yubileyini qeyd edirik. Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzunu, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olub".
Tədbirdə çıxış edən Azərbayacan Mətbuat Şurasının sədri Əflatun Amaşov səbəbkarın gördüyü xeyriyyəçilik işlərindən danışıb: "Hər bir xalqın mətbuatı onu tanıtdırmaqda mühüm rol oynayır. Azərbaycan mətbuatının banisi isə Həsən bəy Zərdabidir. O, yaşadığı illər ərzində kasıb ailələrin övladlarına dərs deyərək onları savadlandırmaq istəyib və o buna da nail olub".
Məclisdə millət vəkili və "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas da söz alıb: "Mətbuatda Həsən bəy Zərdabi olan dövrlərdə problem olduğu kimi indi də mövcuddur. Ancaq ümid edirik ki, bu problemlər tez bir zamanda aradan qaldırılacaq. Onu da deyim ki, Həsən bəy Zərdabi kimi dünyasını dəyişən bir çox dahi insanlar hələ də yaşamaqdadır".
Qeyd edək ki, tədbirdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş video çarx da nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB