Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına əməkdar xalq çalğı alətləri orkestri 80 illik yubileyi ərəfəsində Televiziya və Radionun gənc instrumental ifaçıları ilə konsert proqramı hazırlanır. Musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımovun SİA-ya verdiyi məlumata görə, sözügedən proqramda vaxtı ilə dillər əzbəri olmuş Azərbaycan klassik bəstəkarların əsərləri gənclərin ifasında yeni interpretasiyada musiqi sevənlərə təqdim olunur.
Kollektivin bədii rəhbəri bildirib ki, gənclərlə konsertin hazırlanmasında daha bir məqsəd milli musiqimizin təbliğidir. Paralel olaraq haqqında danışdığımız orkestr özünün 80 illik yubileyinə də hazırlaşır: "Ölkə rəhbərliyinin gənclərə daimi qayğısı var. Televiziya rəhbərliyinin Azərbaycan Televiziyası və Radiosunda gənclərə yaratdığı şərait, açdığı yol əvəzolunmazdır. Xüsusən AzTV-nin musiqi kollektivlərinə son yarım ildə 30-a yaxın gənclərin işə qəbul olunması rəhbərliyin gənclərə inamından və qayğısından xəbər verir. Bu qayğı və diqqətdən ruhlanaraq gənclər də öz növbəsində Azərbaycan mədəniyyətinə töhvələr verməyə çalışır".
R.Qasımov onu da deyib ki, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xoru 75 illik yubileyi ərəfəsində Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcək. Azərbaycan professinal musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin 1936-cı ildə yaratdığı xor kollektivi daim milli mənəvi dəyərlərimizə xidmət edir.
Bədii rəhbərin sözlərinə görə, xalq mahnılarından ibarət konsertin təşkilində məqsəd xalq mahnılarının çox səsli halda tamaşaçılara çatdırmaq və folklorumuzu təbliğ etməkdir. Xorun baş dirijoru Şəhla Ələkbərova hazırda qızğın məşqlər aparır. Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov onu da əlavə edib ki, xorun tarixi haqqında kitab yazır. Kitabda Cahangir Cahangirovun adını daşıyan xorun bu günü, xorun yaranma tarixi, xorda çalışan əbədiyaşar sənətkarlar haqqında söhbət açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB