Ukraynalı balerina Bakıda ustad dərsləri keçəcək

Ukraynalı balerina Bakıda ustad dərsləri keçəcək

Opera və Balet Teatrının rəhbərliyi tanınmış ukraynalı prima-balerina, adıçəkilən ölkənin xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Tatyana Boroviki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının artistləri ilə ustad dərsləri keçirmək üçün dəvət edib. Teatrdan SİA-ya verilən məlumata görə, ustad dərsləri ilə yanaşı ukraynalı mütəxəssis həm də truppanın solistlərinin ustalığını təkmilləşdirmək üçün fərdi məşğələlər aparacaq.

Opera və Balet Teatrının direktoru Akif Məlikov T. Borovikin dəvət olunmasını şərh edərək bildirib ki, o, klassik balet sənətinin görkəmli ustadlarından biridir: "Çoxsaylı titulları ilə yanaşı, o Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır. Eyni zamanda Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, onun balet truppası və aparıcı solistlərlə görəcəyi işlər balet truppasının professional səviyyəsinin yüksəlməsinə yardım edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə