Oktyabrın 16-da, saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva - Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, teatrın aktyorları- xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva və digərlərinin çıxışları ilə yanaşı, rejissorun quruluş verdiyi tamaşalardan parçalar nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə keçiriləcək. Tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Qeyd edək ki, Ulduz Əliyeva – Rəfili Saleh qızı 15 dekabr 1922-ci ildə Gəncədə anadan olub. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "rejissorluq" fakültəsini bitirib. 1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, 50-dən artıq tamaşaya: "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirin bala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Haldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Keçən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) maraqlı quruluşlar verib. Onun quruluş verdiyi tamaşalar bir sıra ölkələrdə qastrollarda uğur əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB