"Bu həyatı yaşamağa məhkumuq" MÜSAHİBƏ

"Bu həyatı yaşamağa məhkumuq" MÜSAHİBƏ

"Məhkumlar" televiziya serialının quruluşçu rejissoru və "Oscar film production"un baş direktoru Yaşar Əhmədovun SİA-ya müsahibəsi:

- Bu gün "Məhkumlar" serialının II bölümü efirdə yayımlanacaq. Həyəcan varmı?

- Serialımızın növbəti hissəsinin bu gün efirdə yayımlanması çox yaxşıdır. Buna baxmayaraq, həyəcan var və bu çox təbiidir. Yenə də son söz tamaşaçınındır. Onlar izləyib qiymət verəcəklər.

- Serialın I bölümü efirə yayımlandıqdan sonra reytinqdə birinci oldunuz. Bunu necə izah edə bilərsiniz?

- Sözün düzü bu bizə sürpriz olmadı. Əvvəllər də dediyim kimi, tamaşaçının belə mövzulara marağını düşünərək, cəmiyyətdəki problemləri nəzərə alıb filmi çəkməyə başlamışdıq və rəğbətlə qarşılanacağını təxmini də olsa bilirdik. Bütün izləyicilərimizə təşəkkür edirəm. Təbii ki, bununla da hələ arxayınlaşmaq olmaz. Qarşıda serialımızın hələ çox bölümləri nümayiş olunacaq. Təbii ki, son söz ATV tamaşaçısınındır.

- İlk bölümdə hadisələrin qarışıqlığı, süjet xəttinin gərginliyi bəzi tamaşaçıların narahatçılığına səbəb olmuşdu. Tamaşaçılarınızı itirməkdən narahat deyilsiz?

- Bu barədə məlumatım var. Ancaq bu dəyərli tamaşaçılarımızı çaşdırmasın. Süjet xəttimiz çoxşaxəli olduğundan birinci bölüm daha çox dinamikası yüksək bir neçə hadisənin baş verməsi ilə yadda qaldı. Təbii ki, ikinci bölümdən etibarən bu sualların hamısına tamaşaçı cavab tapacaq. Onu da qeyd edim ki, serialımızın süjet xəttinin zənginliyi də bunu tələb edir. Biz də bunu düşünərək və bilərəkdən etmişik. Elə bu səbəbdən də tamaşaçılarımızı itirməkdən narahat deyilik. Tamaşaçılarımızdan xahişimiz odur ki, televiziya serialımızın bütün bölümlərini səbir və diqqətlə izləsinlər. Biri-birindən maraqlı bölümlər irəlidə onları gözləyir. Əminik ki, serialı və qəhrəmanlarımızı çox sevəcəklər. Çünki bizim serialın motivi və mövzusu cəmiyyətimizin həyatıdır. Serialda baş verənlər hər birimizin ya həyatında yaşanıb, ya qonşusunda, ya da ən azından yaşadığımız bölgədə. Bizlər də "Məhkumlar"ın qəhrəmanları kimi bu həyatı yaşamağa məhkumuq.

- Gələcək bölümlərdə tamaşaçıları hansı yeniliklər gözləyir?

- Gələcək bölümlərlə bağlı çox açıqlama vermək istəməzdim. Bizə daha çox verilən sual: - Zərintacın niyə öz qızına təcavüz etdirməsidir. Bu suala cavab olaraq yalnız onu deyə bilərəm ki, hər kəsin bir haqlı səbəbi olduğu kimi, Zərintacın da özünə görə haqlı səbəbləri var. İstənilən halda o, anadır. Heç bir ana öz övladının pisliyini istəməz. Deyəcəklərim bu qədər. Serialımızı davamlı olaraq izləsinlər. İnşallah, özləri hər şeyin şahidi olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə