Afaq Bəşirqızı özünü yaxşı hiss edir

Afaq Bəşirqızı özünü yaxşı hiss edir

Xalq artisti, sevimli gülüş ustası Afaq Bəşirqızının səhhəti ilə bağlı teatra saysız telefon zəngləri və bir çox tamaşaçıların aktrisadan narahatlığını nəzərə alaraq Musiqili Komediya Teatrının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Teatrdan SİA-ya verilən məlumata görə, xalq artisti sentyabrın 23-də S. Fərəcov və Ə. Əmirlinin "Yeddi məhbusə anası" tamaşasının nümayişindən sonra özünü narahat hiss edib və bu səbəbdən Neftçilər xəstəxanasına gətirilib. Həkimlər ürək-damar çatışmazlığı ilə Afaq xanımı xəstəxanaya yerləşdiriblər. Hazırda xalqın sevimli sənətkarı özünü yaxşı hiss edir və müəyyən müddət həkim nəzarətində olacaq.

Teatrın direktoru Əliqismət Lalayev açıqlamasında qeyd edib ki, bəzi məlumatlarda tamaşa zamanı Afaq xanımın halının pisləşməsi və hətta bu səbəbdən tamaşada fasilənin yaranması bildirilir: "Bu, həqiqətə uyğun deyil. "Yeddi məhbusə anası" 2 hissəli komediyadır və şübəsiz ki, tamaşa fasilə ilə oynanılır. Afaq xanım özünü pis hiss etsə belə, tamaşanı sona kimi yüksək sənətkarlıqla oynayıb, tamaşaçılar ona gül-çiçək dəstələri təqdim edib, hətta səhnədə onunla şəkillər də çəkdiriblər. Lakin tamaşadan sonra aktrisanın vəziyyəti dəyişib və bu səbəbdən xəstəxanaya gətirilib".

Ə.Lalayev eyni zamanda, Afaq xanımın səhhəti ilə maraqlı olan hər bir kəsə – teatrsevərlərə, eləcə də, xəstəxanaya gətirildiyi ilk andan xəstəni tam qayğı ilə əhatə edən Neftçilər xəstəxanasının bütün əməkdaşlarına və xəstəxananın baş həkimi Leyla Seyidbəyovaya teatr kolektivi adından bir daha minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə