\"Eurovision 2012\"nin ulduzları yenidən bir arada

\"Eurovision 2012\"nin ulduzları yenidən bir arada

Portuqaliyanın rəsmi Fan Klubunun Setubal şəhər bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirdiyi \"Eurovision Live Consert\" festivalının bu il keçiriləcəyi tarix açıqlanıb. SİA-nın məlumatına görə, Eurovision ulduzları bu dəfə sentyabrın 8-də Portuqaliyanın Lissabon şəhəri yaxınlığındakı Setubalda görüşəcəklər.


Müsabiqənin builki təmsilçilərindən bir neçəsi konsertdə iştirakını təsdiqləyib. Yunanıstandan Eleftheria Eleftheriou, İsveçrədən \"Sinplus\" qrupu, eləcə də Portuqaliyanın builki təmsilçisi Filipa Sousa sentyabrın 8-də Setubalda olacaq. Konsertə Eurovision 2012-nin qalibinin də gəlişi gözlənilir.


Layihədə ümumilikdə 12 ölkə təmsilçisinin çıxışı planlaşdırılıb. Digər ifaçıların növbəti həftələrdə müəyyənləşəcəyi bildirilir. İki saat yarımadək davam edəcək konsert şəhərin mərkəzində, yarımadanın ən böyük çayı olan Taqusun cənub sahilində, açıq havada təşkil olunacaq. Bununla əlaqədar \"Auditorium Jose Alfonso\" kompleksi artıq festivala hazırdır.


Qeyd edək ki, \"Eurovision Live Consert\" layihəsi müsabiqədən sonra keçirilən genişmiqyaslı festivallardan biri hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə