Azərbaycanlı xanəndə Londonun ən iri salonunda konsert verib

Londondakı Avropa – Azərbaycan cəmiyyətinin dəstəyi ilə Londonun ən iri, nüfuzlu konsert mərkəzində, "Southbank Centre"-də xanəndə Qoçaq Əsgərovun solo konserti keçirilib. SİA-nın məlumatına görə, konsert çox böyük müvəffəqiyyətlə keçib.

Açılış sözü ilə çıxış edən London universitetinin Asiya və Afrika araşdırmaları Departamentinin professoru xanım Lyusi Dyuran Qoçaq Əsgərovu tamaşaçılara təqdim edib, onun yaradıcılığı və qeyri-adi səs imkanları haqqında danışıb. Qoçaq Əsgərovun Qarabaqdan məcburi köçkün olduğunu deyərkən Lyusi xanım Qarabağın ermənilər tərəfindən işğal olunmasını da vurğulayıb.

Konsert Avropa-Azərbaycan cəmiyyətinin televiziya kanalı tərəfindən lentə yazılıb.

Həmin axşam Qoçaq Əsgərov və onu müşayiət edən musiqiçilər (Əliağa Sədiyev, Elnur Mikayilov, Şirzad Fətəliyev və Kamran Kərimov) Londonun Brunei Galleri Teatrında keçirilən Asiya musiqisi konserti çərçivəsində böyük uğurla çıxış ediblər. Tamaşaçıların və konserti təşkil edən rəsmilərin fikrincə, Azərbaycan musiqiçilərinin yarım saatlıq çıxışı bu konsertə xüsusi yaraşıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...