“Keçmişdən gələcəyə mədəni irs” adlı sərgi keçiriləcək

Mayın 23-də "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ve "Baku Creative Center"-in təşkilatçılığı, AR Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə "Keçmişdən gələcəyə mədəni irs" adlı rəngkarlıq, qrafika və heykəltəraşlıq sərgisi açılacaq.

"MİRAS" İctimai Birliyinin Sərgi və Dizayn Şöbəsinin rəhbəri Vüqar Quliyevin SİA-ya verdiyi məlumata görə, sərgidə Azərbaycanın tanınmış rəssamları Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Bəyim Hacızadə, Maral Rəhmanzadə, Tofiq Ağababayev, Mir Nadir Zeynalov, Zahid Hüseynov , Sahib Quliyev, Zakir Hüseynov, Əmrulla İsrafilov, İntiqam Ağa, Vüqar Əli, Fərhad Yalquzaq, Emin Əsgərov, Anar Hüseynzadə ilə yanaşı, gənc rəssamların əsərləri də nümayiş olunacaq. Belə ki, sənətdə öz sözlərini demiş yaşlı nəsil rəssamların Azərbaycan incəsənətinə verdiyi töhfələr gənc nəsil üçün bir mirasdır. "MİRAS" İB gələcəkdə də belə sərgilər təşkil etməyi planlaşdırır.

Sərginin təşkil edilməsində məqsəd rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini geniş tamaşaçı kütləsinə təqdim etmək, eyni zamanda şəhərimizə turistlərin gəlişinin intensivləşdiyi bir vaxtda onların da diqqətini Azərbaycan incəsənətinin bu sahəsinə cəlb etməkdir.

Məlumat üçün bildiək ki, "Baku Creative Center"-də baş tutacaq sərgi, 3 gün davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə