Mehriban Əliyeva: \"Eurovision 2012\"də Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək\"

Avropa mediası Azərbaycanın paytaxtı Bakıya toplaşır. SİA-nın məlumatına görə, müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva, "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand və 57-ci "Eurovision" mahnı müsabiqəsinin baş prodüseri Adil Kərimli salamlaması yer alıb.

Mehriban Əliyeva müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan "Eurovision" mahnı müsabiqəsi 2012-nin iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıb: "Eurovision" musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir. Xalqımız dünya mədəniyyəti incilərinin özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirib, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verib.

Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olub. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşamağa davam edirlər. "Eurovision" mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.

"Eurovision" mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənib. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə