Fevralın 26-da Azərbaycanın bütün kinoteatrlarında Vahid Mustafayevin \"Xoca\" filminin nümayişi başlayacaq. SİA-nın məlumatına görə, bu gün premyeradan öncə Nizami Kino Mərkəzində film mətbuat nümayəndələri üçün nümayiş olunub. Filmin nümayişindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında filmin quruluşçu rejissoru Vahid Mustafayev, baş prodüser Mir Şahin və Çingiz Mustafayev Fondunun rəhbəri Seyfulla Mustafa jurnalistlərin suallarını cavablandırıb.
Filmin rejissoru V.Mustafayev bildirib ki, gerçək hadisələrə əsaslanan film Azərbaycan neo ekspressioniziminin ilk nümunəsidir: "Xoca" Xocalı faciəsini bütün miqyası ilə özündə əks etdirən ilk bədii filmdir. Filmin ərsəyə gəlməsində 2000-ə yaxın insan iştirak edib ki, bu da Azərbaycan kinosu üçün nadir hadisədir. Filmə külli miqdarda silah- sursat, şəxsi heyət və zirehli texnika cəlb olunub. Erməni- rus silahlı birləşmələri ilə qeyri- bərabər döyüşdə Azərbaycan döyüşçülərinin göstərdiyi müqavimət inandırıcı təsvir edilib. Filmin ana xətti müharibələrin bütün mümkün gözəlliklərə qarşı çevrilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınmasıdır".
Filmdə baş rolları İlqar Musayev, Nigar Bahadırqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və Mina canlandırıb.
Məlumat üçün bildirək ki, filmin əsas çəkilişləri Şəki şəhərinin Bdeyis kəndində sərt şaxtalı hava şəraitində aparılıb.
Qeyd edək ki, bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr edilən özünəməxsus kino abidədir. Film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan \"soyqırımı\" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.
Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir.
Beləliklə, \"Xoca\" filmi fevralın 26-da ölkənin bütün ekranlarında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB