Heydər Əliyev Sarayında Xocalı soyqırımının 20 ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 20 ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOSESSİYA

Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımının 20 ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq, Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşələrə baxış olub.

Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin \"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür\" sözləri ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb.

Fərhad Babayev geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları, ermənilərin törətdiyi vəhşilikləri, amansızlıqları, xocalılıların qeyri-bərabər döyüşdə erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən danışıb: \"1992-ci il fevralın 25-dən 26-a keçən gecə tarixə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməmiş, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib. Bu gün 20-ci ildönümünü qeyd etdiyimiz, XX əsrin faciəsi olan Xocalı soyqırımı məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı soyqırımı zamanı yol verilən cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa görə soyqırımdır və həmin vəhşilik, vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır\".

Tədbir çərçivəsində, Sarayda təcrübə keçən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin 4-cü kurs tələbələri Xocalıya aid şeirlər səsləndiriblər.

Tədbirin sonunda, yüz illiklər ərzində Azərbaycan xalqının tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmasını özündə əks etdirən "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə