Cənnət Səlimova: “Tariyel Qasımov yaxşı aktyor, ancaq mən pis rejissoram” - MÜSAHİBƏ

Cənnət Səlimova: “Tariyel Qasımov yaxşı aktyor, ancaq mən pis rejissoram” - MÜSAHİBƏ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadan gileyli olan xalq artisti Tariyel Qasımov, teatrın quruluşçu rejissoru Ağalar İdrisoğlu və əməkdar artist Naibə Allahverdiyeva bir neçə gün öncə kanalların birində baş rejissorun aktyorlar arasında ayrı-seçkilik saldığını, teatrın rejissorlarına tamaşa hazırlamağa imkan vermədiyini bildiriblər. Aktyorlardan fərqli olaraq teatrının quruluşçu rejissoru Ağalar İdrisoğlunun mövqeyi daha da sərt olub. O, Azərbaycan teatrlarında gedən islahatlardan deyil, məhz baş rejissor Cənnət Səlimovadan narazılığını qeyd edib. Bütün bu iddialara səbəbkar SİA-ya müsahibə verib:

- Mətbuatda səngiməyən bu söz-söhbətlər nədən qaynaqlanır?

- Bu mövzuda müzakirə etmək istəmirəm, çünki teatrımız daim çalışır, yeni-yeni tamaşalar hazırlayır. Teatrda hazırlanan tamaşalarımızda çox uğurla nümayiş olunur. Azərbaycanda heç belə teatr var? Bütün klassiklərin əsərlərinə bizim teatrımızda müraciət olunur. Bundan artıq nə istəyirlər? Düzdür ki, çoxlu iş görəndə çoxu razı qalır, bəziləri isə yox. Yəqin mən tələbkar deyiləm və bu da aktyor üçün bəladır. Sadəcə bunu yüksək səviyyədə qarşılaya bilmirlər. Baş rolda oynamadıqlarına görə baş rejissoru günahlandırırlar. O zaman biz rejissorları tənqid edirlər. Axı bu düzgün deyil. Həyatda adam kimi mübarizə aparıb, qalib olmaq lazımdır. Məndən nə istəyirlər bunu bilmirəm. Azərbaycanda bu qədər işləyən rejissor yoxdur. Hər üç aydan bir tamaşa hazırlayırıq. Pis tamaşalar alınmır, çünki tamaşaçılarımız olduqca razı qalırlar. Hətta Mənim ağ göyərçinim tamaşasına baxanda izləyicilər göz yaşı tökürlər. O qədər kollektivin içində yalnız 1-2 nəfər narazıdır. Bu da təbii haldır. Efirdə başqa vacib mövzu yoxdur ki, onu müzakirə etsinlər? 3 saatlıq efir müddətində niyə bu kimi çirkin mövzuları müzakirə edirlər? Həmin insanlara məsləhət görürəm ki, gəlib teatrımızda gözəl tamaşalara baxsınlar. Deyəndə ki, gözəl tamaşalarımız var, onlar isə ancaq bizim zibil qutumuzun yerini soruşurlar. Deyirlər ki, bizə zibil lazımdır. Ancaq bilirəm ki, kimə zibil lazımdır. Niyə onlar üçün tamaşa maraqlı olmur? Həmin verilişin yazıq aparıcısı heç teatra belə gəlmir və tamaşadan başı çıxmır. Ona kim ixtiyar verib ki, teatr haqqında nəsə danışasan. Sən heç teatrın nə olduğunu bilmirsən. Ancaq 3 saat ərzində vacib mövzular ətrafında danışmaqdansa boş məsələlərə baş qoşurlar. Axı kim onlara icazə verir? Hamı baxıb bunun cəfəngiyat olduğunu deyir. Sənət adamları efirə çıxıb kimisə müzakirə etməkdənsə yaradıcı mövzulara toxunsalar daha məsləhətdir. Onu qeyd edim ki, teatrımızın kollektivi mehriban şəkildə çalışırlar. Teatr daxilində bu kimi problemlərin olması təbii haldır. Belə problem nəinki teatrlarda, hətta televiziyalarda, xəstəxanalarda və digər dövlət müəssisələrində də mövcuddur. Niyə məhz teatr sahəsində olan xırda məsələni bu qədər şişirdirlər? iki həftədir ki, telefonlar susmur ki, Cənnət xanım nolub?


- Aktyorlar arasında niyə ayrı-seçkilik salırsınız?

- Bütün günü ancaq məşq zalında oluram. Otağımda oturmağa isə vaxtım olmur. Çünki çalışıram. Rolların bölgüsündə isə bütün truppa iştirak edir.


- Yaş həddinə görə işdən çıxarılmağa gəlincə sizin də yaşınız az deyil. Buna görə də sizin işdən çıxarılmanızı istəyirlər...

- Bu artıq mənim işim deyil. Qardaşım Lütfizadənin 92 yaşı vardı, ancaq yenə də konfranslarda iştirak edib. Çünki yeni fikirləri vardı. İşdən yaş məsələsinə görə çıxarılanlar bunu onu görə istəyirlər ki, onların yaddaşları zəif, enerjiləri isə artıq qurtarıb. Buna görə də belə düşünürlər. Bizim sahəmizdə isə enerji əsas amildir. İndi sizə deyirəm ki, Tariyel Qasımov yaxşı aktyor, ancaq Cənnət Səlimova pis rejissordur. İstedadlı adamları digər teatrlara dəvət edirlər. Qoy onu da dəvət etsinlər. O, özünə istedadlı deyirsə qoy getsin öz məharətini göstərsin. Bunu sübut etsin. Niyə ətəyimi buraxmırlar?

Bütün xəbərlər Facebook səhifəmizdə