Azərbaycan filmi daha bir beynəlxalq festivalda nümayiş olunub

Azərbaycan filmi daha bir beynəlxalq festivalda nümayiş olunub

Moskvada XVII Beynəlxalq "Stalker" filmləri festivalı keçirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, festivalda Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələr iştirak edib.


Azərbaycan isə həmin festivalda "Miras" sənədli filmi ilə təmsil olunub. Rusiyada BMT nümayəndəliyinin xüsusi proqramı çərçivəsində nümayiş olunan "Miras" sənədli filmi BMT-nin İnsan Hüquqları üzrə Ali komissarlığı tərəfindən xüsusi mükafata layiq görülüb.


"Miras" sənədli filminin süjet xətti ata-baba sənətinin nəsildən-nəslə ötürülməsi, adət-ənənənin davam etdirilməsi üzərində qurulub.


Qeyd edək ki, filmin rejissoru Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Bir çox beynəlxalq mükafatlara layiq görülən "Miras" sənədli ekran əsəri 2010-cu ildə "Bir addım" film studiyasında istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə