V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert keçirilib

V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert keçirilib
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə İqnat Soljenitsının dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dünyanın məşhur klassik bəstəkarlarının əsərləri səslənib. Solist əməkdar artist Murad Adıgözəlzadə (piano) olub.


Avery Fişer mükafatının laureatı olan İqnat Soljenitsın Filadelfiya Kamera Orkestrinin fəxri dirijoru, Moskva Simfonik Orkestrinin baş dəvətli dirijoru, Filadelfiya Konservatoriyasının piano sinfi üzrə professorudur.


Dəvətli dirijor kimi Amerika və Rusiyanın məşhur orkestrlərinə rəhbərlik edir. Pianoçu kimi ABŞ, Avropa ölkələrində, Yaponiya və Avstraliyada tanınmış simfonik orkestrlərin müşayiəti və məşhur dirijorların rəhbərliyi ilə solo konsertlər vermişdir.


Festivalın bugünkü konsertində C.Verdi, V.Motsart, İ.Stravinski kimi bəstəkarların yaradıcılıq aləminin incəlikləri müvəffəqiyyətlə açıqlanıb. Gözəlliyi, sevgini, ümumiyyətlə, hisslər harmoniyasını tərənnüm edən əsərlərin yüksək səviyyədə ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə