“Tərsinə çevrilən dünya”
Beynəlxalq Muğam Mərkəzində Çingiz Abdullayevin ssenarisi əsasında Ənvər Əblucun quruluş verdiyi "Tərsinə çevrilən dünya" bədii filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, nümayişdən öncə filmin yaradıcı heyəti səhnəyə çıxıb. Bildirilib ki, film "Azərbaycanfilm" kinostudiyası ilə "Sədra-film" (İran) şirkətinin birgə istehsalıdır. Çəkilişlər Azərbaycanla yanaşı İranda aparılıb. Elə rollarda da hər iki ölkənin aktyorları çəkilib. Filmin İranda da nümayiş olunması qərara alınıb.

"Tərsinə çevrilən dünya" Azərbaycan polisinin fəaliyyətinə həsr olunub. Süjetə görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulur.

Filmin ssenari müəllifi Çingiz Abdullayev, quruluşçu rejissoru Ənvər Əbluc, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbov, icraçı prodüseri Adil Qulamovdur. Rollarda Rasim Balayev, Məhəmmədrza Forutən, Fuad Poladov, İlham Əsgərov, Natella Kərimova, Günel Məmmədova, Humayun İrşadi, Sona Mikayılova, Qorxmaz Əlilicanzadə, Məmməd Səfa və başqaları çıkilib. Ekran əsərinin ilk premyerası iyul ayında – Polis günündə Heydər Əliyev Sarayında keçirilib. Nümayiş yalnız polis işçiləri üçün təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə