“Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika”

“Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika”

Bu gün Beynəlxalq Kukla Teatrları festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" mövzusunda beynəlxalq elmi simpozium keçirilib.


SİA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında bildirib ki, simpoziumun məqsədi Şərq və Qərbin kukla teatrları məsələlərini müzakirə etmək, fikir mübadiləsi aparmaqdır: \"Böyüklərin teatr tamaşalarına münasibətinin formalaşmasında kukla teatrlarının əvəzsiz rolu var. Bu baxımdan Bakıda I Beynəlxalq Kukla Teatrları Festivalının keçirilməsi böyük əhəmiyyətə malikdir\".


Beynəlxalq simpoziumun moderatoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.
İki sessiyadan ibarət Beynəlxalq elmi simpoziumda "Müasir kukla teatrı: ideya, təşəkkül, perspektivlər" mövzusunda çıxışlar olub. Çıxışlarda qloballaşan dünyada kukla teatrlarının milli mədəniyyətin ənənələrini qorumaqla bəşəri incilərin də nəzərə alınması və gələcək nəslin bu əsaslarda tərbiyəsi məsələləri ətrafında maraqlı diskussiyalar aparılıb.


Elmi simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri – UNİMA-nın baş katibi Jak Trüdo, qurumun vitse-prezidenti Stanislav Dubrava, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, Uşaq və Gənclər üçün Teatrların Beynəlxalq Assosiasiyasının prezidenti İvet Hardi, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham, Gürcüstanın İliya Universitetinin rektoru Levan Xetaquri və başqaları iştirak ediblər.


Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə