I Beynəlxalq Kukla Teatrları Festivalı başlayıb- FOTOSESSİYA

I Beynəlxalq Kukla Teatrları Festivalı başlayıb- FOTOSESSİYA

Bu gün Azərbaycan Dövlət Kukla Teatrında I Beynəlxalq Kukla Teatrları Festivalına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu festival Azərbaycanda ilk olaraq keçirilir: "Festival çərçivəsində 20-dən çox kukla teatrı - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına 22 tamaşa nümayiş olunacaq. 16 ölkədən 155 qonaq hazırda Bakıda səfərdədirlər".

Nazir müavini onu da qeyd edib ki, bundan sonra festival iki ildən bir təşkil olunacaq.

Daha sonra isə UNİMA-nın baş katibi Jak Trüdo vurğulayıb ki, bu kimi festivalın keçirilməsi yeni əlaqələrin qurulmasında geniş imkanlar açacaq.

Mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, UNİMA-nın baş katibi Jak Trüdo, UNİMA-nın vitse- prezidenti Stanislav Dubrava, UNİMA- Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri və TÜRKSOY-da Azərbaycan təmsilçisi Elçin Qafarlı iştirak edib.

Mətbuat konfransının ardınca A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısında festivalın rəsmi açılışı olub. Açılışda həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları festival üçün hazırlanan proqramla tanış edərək şouya tamaşa ediblər. Şouda ilk olaraq "Can bala" qrupu maraqlı ifaları ilə qonaqları sevindiriblər.

Açılış mərasimindən sonra qonaqlar teatrda nümayiş olunan K.Şahmərdanın "Ağ və qara" tamaşasına baxıblar.

Qeyd edək ki, bu gündən Bakıda Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı ilə birgə Beynəlxalq Kukla Teatrları Festivalı öz işinə start verib. Festival Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Festival noyabrın 6-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə