Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli komediya aktyoru, psixoloji və dramatik rolların məharətli ifaçısı, xalq artisti Yaşar Nurinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
SİA-nın məlumatına görə, ilk olaraq Y. Nurinin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan teatrının inkişafı, təbliği istiqamətində gördüyü əvəzsiz işlərdən söz açıb: "Teatrın yeni binası fəaliyyətə başlayandan cəmi 5-6 dəfə bu səhnəyə çıxmışam. Ancaq Yaşar Nuri minlərlə rol oynamaq üçün bu səhnəyə çıxıb. O qorxmadan və cəsarətlə bu rolları canlandırıb. 10 yaşından bu sənətdədir və öz iradəsi ilə məharətlə bu işin öhdəsindən gəlir. Biz sizin istedadınıza bələdik\".
Ə.Qarayev Prezident İlham Əliyevin Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Nuriyə verdiyi "Şöhrət" ordenini yubilyara təqdim edib.
\"10 yaşından səhnədəyəm, ancaq bugünkü kimi heç vaxt həyəcanlanmamışdım. Bu həyəcan yaşla əlaqədar deyil. Bu ona görədir ki, ilk dəfədir səhnəyə qrimsiz olaraq çıxıram. Sizin alqışlarınız məni yaşadır. Onu da qeyd edim ki, səhnə müqəddəs yerdir. Buraya barmaq arası baxmaq olmaz. Düşünürdüm ki, 60 yaşdan sonra səhnədən gedim, ancaq bacara bilmədim".
Xalq artisti onu da vurğulayıb ki, 32-yə yaxın tamaşası qızıl fondda qorunur: "Necə ki, 50 yaşımda bu səhnədə qaçırdım, yenə də bundan sonra qaçacam".
Tədbirin davamında aktyorun sənət dostları onu təbrik edərək xoş sözlərini yubilyarın ünvanına çatdırıblar.
Məlumat üçün bildirək ki, teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB