Bakıda yeni kinoteatrlar inşa ediləcək

Bakıda yeni kinoteatrlar inşa ediləcək

"Azərbaycanda fəaliyyət göstərən kinoteatrların sayı çox azdır. Bunu etiraf etmək lazımdır". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.

Onun sözlərinə görə, dünyanın hər yerində kinoteatr sahəsi özəl sektordur: "Bakıda da kinoteatrlara özəl sahə olaraq maraq göstərilməyə başlanılıb. Hazırda Azərbaycan bir neçə əyləncə mərkəzləri tikilir ki, orada da yeni kinoteatrlar inşa ediləcək".

Bu ilin sonuna Nizami kinoteatrının açılışı nəzərdə tutulur deyən sektor müdiri bildirib ki, son 4-5 ildə 30-a yaxın qısametrajlı bədii filmlər çəkilib: "Azərbaycan kinosunun tarixində heç vaxt bu qədər qısametrajlı bədii filmlər çəkilməyib. Bu filmlərin hamısını da cavan rejissorlar lentə alıblar. Bu zərurətdir. Kinomuzun gələcəyinə ümid bəsləyərik".

Y. Şeyxov onu da vurğulayıb ki, Azərbaycan kinosunun Avropa ekranında az təmsil olunmasını əlbəttə ki, etiraf etmək və filmlərimiz ora cəlb etmək lazımdır: "Bütün dünyanın ekranlarında demək olar ki Amerika filmləri üstünlük təşkil edir. Bu bir həqiqətdir. Bizim də imkanlarımız festivallara çatır. Cavan rejissorların çəkdikləri filmlər bir çox Avropa ölkələrində keçirilən festivallarda iştirak edib və mükafat qazanıblar. Buna misal olaraq Rusiyanın Lipetsk şəhərində keçirilən VIII Beynəlxalq İdman Filmləri Festivalında 27 ölkədən 100-dən artıq film nümayiş etdirilib. Serbiya, Rusiya Bolqarıstan, Belarus və Azərbaycan nümayəndələri ilə təmsil olunan beynəlxalq münsiflər heyəti qalibləri bir neçə nominasiya üzrə müəyyən ediblər. Olimpiya İdeallarına Sədaqət nominasiyasında Azərbaycan filmi qalib elan edilib. Bu, gənc rejissor Arzu Urşanın "Yerə dəyən top göylərə qalxar" 46 dəqiqəlik sənədli film idi. Arzu Urşan film üzərində işini festival ərəfəsində başa çatdırıb. "Yerə dəyən top göylərə qalxar" "Salnamə" studiyasında çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə