Əbülfəs Qarayev Azərbaycanın Çində və CAR-dakı səfirlərini qəbul edib

Əbülfəs Qarayev Azərbaycanın Çində və CAR-dakı səfirlərini qəbul edib

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov arasında görüş keçirilib. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Görüş zamanı mədəniyyət və turizm sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün qarşılıqlı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Çində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.


Çinin Tövsiyə Edilən Turizm Ölkələri Statusu (TETÖS) alan ölkələrin siyahısına daxil edilməsi üçün saziş imzalanması, Çində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması və 2012-ci ilin payızında Azərbaycanda Çin mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub.


Daha sonra Azərbaycan ilə Çin arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.


Ə.Qarayev həmçinin Azərbaycanın Cənubi Afrika Respublikasına təyin olunan səfiri Elxan Poluxovu qəbul edib.


Ə.Qarayev ilk növbədə, səfiri yeni akkreditə olunması münasibətilə təbrik edib, uğurlar arzulayıb, CAR ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün sonunda səfir Elxan Poluxov səmimi görüşə görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi üçün səylə çalışacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə