Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın "Sehirli fleyta" operasının premyerası keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, premyera Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçiriləcək.
Bu opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulur. Quruluşun məqsədi opera sənəti həvəskarlarını Motsart yaradıcılığının və dünya opera sənətinin incilərindən olan bu opera ilə tanış etməkdir.
Əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim edilib. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq Teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırki ölçülərdən kəskin fərqli olacaq. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu Teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcək.
Tamaşada teatrın ən istedadlı vokalçıları – əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), gənc solistlər Fərid Əliyev (Tamino), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və başqaları iştirak edirlər. Opera orijinalın dilində - alman dilində səslənəcək. Tamaşanı əməkdar incəsənət xadimi, professor Yalçin Adıgözəlov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB